Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Zahid Sarıtorpaq (Zahid Lətif oğlu Məmmədov; 11 may 1957, Şamaxı rayonu) — şair, yazıçı və tərcüməçi.
Zahid Sarıtorpaq | |
---|---|
Doğum tarixi | 11 may 1957 (67 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi |
İlk şeiri 11 yaşında Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olub. 1981–1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Şeirləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat və incəsənət" və digər ədəbi orqanlarda çap olunub. "Üfürülmüş çırağın ruhu", "Tək işığın haləsi" və İranın Tehran şəhərindəki "Yaşmaq" kitab evinin təşəbüsüylə "Avaz" nəşriyyatında Azərbaycan dilində çıxmış "Qürbət qaysaqları" (şeirlər) və "Kül" (nəsr) kitablarının müəllifidir. Müxtəlif illərdə nəşr olunmuş "Dərdin sarı çəpkəni", "Quşların intiharına ağlamayın" nəsr kitablarının, eləcə də, "Əlifba bayramında qətl", "Dərdin sarı çəpkəni", "Kül", "Qarğa marşrutu", "Quşların intiharına ağlamayın", "Köhnə mücrüyə elegiya", "Qiyamət Qaziləri" romanlarının və "Qaranquş səsli sevgili" povestinin müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları toplu halında çıxıb. Artür Rembonun şeirlər toplusu, Fransua Moriakın seçilmiş əsərləri ("Keçmiş zamanların yeniyetməsi", "Sevgi səhrası" romanları) kitabı, Nikolay Qoqolun "Şinel", Lev Tolstoyun "İvan İliçin ölümü", "İnsanı yaşadan nədir?", "Saxta kupon" kitabları, Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu" kitabı, "Bobok", "Milad yolkasındakı oğlan" hekayələri, "Ölü evdən qeydlər" povesti, Anton Çexovun "6 nömrəli palata" kitabı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri ("Qoca" romanı və hekayələr) kitabı, Aleksandr Soljenitsının üç cildlik "QULAQ Arxipelağı" əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevlə müştərək), Dmitri Çistyakın "Şüşə ulduz" şeirlər kitabı (Salam Sarvanla müştərək), eləcə də Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.
1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür. 1989–94-cü illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 2009-cu ildə Prezident Təqaüdçüsü olub. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin redaktoru olub. 2018-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər Azərbaycan Dövlət Tərcümə Mərkəzinin lüğət və linqvistika şöbəsində dil mütəxəssisi işləyib. Hazırda pensiyadadır.