Aleksandr İsayeviç Soljenitsın (rus. Александр Исаевич Солженицын; 11 dekabr 1918[1][2][…], Kislovodsk, Sovet Rusiyası[d][5] – 3 avqust 2008[3][1][…], Moskva[5]) — rus yazıçı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970).
Aleksandr Soljenitsın | |
---|---|
rus. Александр Исаевич Солженицын | |
Doğum tarixi | 11 dekabr 1918[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 3 avqust 2008[3][1][…] (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, tarixçi, romançı, ssenarist, dramaturq, şair, ictimai xadim, nasir, publisist, hərbi qulluqçu, hərbi aktivist[d], yazıçı, REA-nın akademikləri[d], müəllim, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | rus dili |
Janrlar | povest[d], hekayə, publisistika, esse, kroxotki[d], leksikoqrafiya, miniatür[d], povest |
Üzvlüyü |
|
Mükafatları |
|
solzhenitsyn.ru solzhenitsyncenter.org |
|
Aleksandr Soljenitsın Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Yazıçı, dramaturq, tarixçi və filosof Aleksandr İsayeviç Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınmış nümayəndəsidir. O, Şimali Qafqazda, pravoslav yaşam tərzinə və patriarxal ənənələrə üstünlük verən rus ailəsində doğulmuşdu. Dünyaya gəlməmişdən bir neçə ay əvvəl atası ov zamanı bədbəxt təsadüf nəticəsində həlak olmuşdu. Anasının və nənəsinin himayəsində böyümüşdü. Rostov universitetinin riyaziyyat fakültəsində təhsil almış (1936-1941), Moskva fəlsəfə, ədəbiyyat və tarix institutunu qiyabi bitirmişdi.
Böyük Vətən müharibəsi başlananda orta məktəbdə riyaziyyat müəllimi işləyən A.Soljenitsın da səfərbərliyə alınmışdı. Öz arzusu ilə zabit hazırlayan qısa müddətli kursları bitirmişdi. Qafqazdan Almaniyaya qədər döyüş yolu keçmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, iki ordenlə təltif edilmişdi. Lakin 1945-ci ilin fevralında ordunun xüsusi xidmət orqanları tərəfindən cəbhədə həbs olunaraq Moskvaya, Lubyanka həbsxanasına gətirilmişdi. Səbəb hərbi senzuranın əlinə düşmüş şəxsi yazışmaları idi. Həmin məktublarda Soljenitsın sovet rejimi və Stalin haqqında rəsmi ideologiya baxımından qəbuledilməz ifadələr işlətmişdi.
O, üçlüyün qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, bir müddət Moskvada saxlandıqdan sonra "şaraşkaya" – məhbusların intellektual əməyindən sui-istifadə olunan nisbətən yüngül rejimli Marfino qapalı müəssisəsinə köçürülmüşdü. Riyaziyyatçı diplomu həyatını xilas etmişdi. Cəzasının qalan hissəsini Qazaxıstanda, Ekibastuz duz mədənlərində çəkmişdi. Stalinin vəfatı günü azadlığa çıxan Soljenitsın həbsxanada dəhşətli xəstəliyə — mədə xərçənginə tutulmuşdu. Tezliklə öləcəyi gözlənilirdi. Lakin hamının təəccübünə baxmayaraq Daşkənd hospitalındakı uğurlu əməliyyatdan sonra sağalmışdı. Müəllif həyatının bu dövrünü "Xərçəng gövdəsi" romanında təsvir etmişdi.
1956-cı ilə qədər Soljenitsın Sibirdə yaşamışdı. XX qurultaydan sonra sovet həbs düşərgələrinin minlərlə məhbusu kimi o da bəraət almış və Mərkəzi Rusiyaya, Ryazana köçmüşdü. Hələ müharibədən əvvəl Rusiya tarixi ilə bağlı böyük epik roman üçün material toplamağa başlasa da, Soljenitsının ilk mətbu əsəri məhbəs həyatından bəhs edən "İvan Denisoviçin bir günü" povesti olmuşdu. Baş redaktor V.Tvardovskinin səyi nəticəsində əsər "Novıy mir" jurnalının 1962-ci il dekabr sayında işıq üzü görmüşdü. Onun çapına isə əlyazmasını şəxsən oxuyan və Siyasi Bürodakı müzakirələr zamanı silahdaşlarını inandırmağa müvəffəq olan N.S.Xruşşov icazə vermişdi. 1962-ci ildə keçmiş məhbus A.Soljenitsın SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişdi.
Dövrün sovet reallığı üçün görünməmiş hadisə sayılan və M.Dostoyevskinin "Ölü evindən qeydlər" romanı ilə müqayisə edilən "İvan Denisoviçin bir günü" qısa müddətdə müəllifi məşhur sovet yazıçısına çevirmişdi. Əsər hətta 1963-cü ildə ədəbiyyat və incəsənət sahəsində Lenin mükafatına təqdim olunmuşdu. Lakin təbii ki, Soljenitsın bu mükafatı ala bilməmişdi. 60-cı illərin əvvəllərində o, "Novıy mir"də daha bir neçə hekayə dərc etdirmişdi. Xruşşovun məcburi istefasından sonra bir hekayəsinin çapı istisna olunmaqla Soljenitsını mətbuata yaxın buraxmamışdılar.
Soljenitsının senzuranın ləğvi və DTK tərəfindən yaradıcı ziyalılara qarşı yönəlmiş təqiblərə son qoymaq tələbi ilə SSRİ yazıçılarının qurultayına ünvanladığı açıq məktub (1967) mətbuatda yazıçının əleyhinə geniş böhtan kampaniyası başlanmasına səbəb olmuşdu. 1968-ci ildə sovet quruluşunun antibəşəri mahiyyətinə və Stalin rejimin özbaşınalıqlarına qarşı çevrilmiş "Xərçəng gövdəsi", "Birinci dairədə" kimi romanlarının özündən xəbərsiz Qərbdə çap edilməsi isə vəziyyəti daha da ağırlaşdırmışdı. Yazıçı bunu həbsinə hazırlıq kimi qiymətləndirmişdi.
1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına düşsə də, mükafat ala bilməmişdi. Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi "böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə" Nobelə layiq bilmişdi. Şübhəsiz, bu seçimdə Soljenitsın əsərlərinin şəksiz məziyyətləri ilə yanaşı siyasi amillərin də mühüm rolu olmuşdu.
Əvvəlcə Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəyirdi. Lakin sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu fikrindən daşındırdı. Yazıçı SSRİ-ni tərk edəcəyi təqdirdə bir də ölkəyə buraxılmayacağını nəzərə alaraq mərasimə qatılmaq fikrindən vaz keçdi. Onun mükafatın Moskvadakı İsveç səfirliyində təqdimi ilə bağlı təklifini isə SSRİ ilə münasibətləri korlamaq istəməyən İsveç tərəfi qəbul etmədi. Beləliklə, Soljenitsın Novel mükafatını yalnız 1974-cü ildə ala bildi.
Yazıçı mühüm əsərlərindən birini — "QULAQ arxipelaqı" epopeyasını artıq 1967-ci ildə başa çatdırmışdı. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim xüsusi xidmət orqanlarının diqqət mərkəzində idi. 1973-cü ildə DTK onun köməkçilərindən birini — E.Voronyanskayanı dindirmiş və nəticədə "QULAQ arxipelaqı"nın nüsxələrindən birini ələ keçirməyə müvəffəq olmuşdu. Hadisədən sarsılan qadın isə özünü asaraq həyatına son qoymuşdu.
Həmin vaxta qədər gözləmə mövqeyi tutan Soljenitsın əsərlərinin xaricdə çapına rəsmən razılıq vermişdi. Bu bütün sovet rejiminə meydan oxumaq idi və təbii ki, artıq qarşı tərəfin də səbir kasası dolmuşdu. Ən yüksək dairələrdə aparılan müzakirələrdən sonra 1973-cü il fevralın 12-də Soljenitsın dövləti cinayətkar kimi həbs edilmiş, sovet vətəndaşlığından çıxarılmış, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olunmuşdu. İkinci arvadı N.Svetlovaya üç uşağı ilə birlikdə sonradan ərinə qoşulmağa izin verilmişdi. İki il Sürixdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Vermont ştatına köçmüş və burada məskunlaşmışdı.
1973-cü il martın 3-də Sürixdən SSRİ rəhbərliyinə göndərdiyi "Açıq məktub" Qərbdə Soljenitsına münasibətin dəyişməsinə, onun millətçilikdə və velikorus şovinizmində ittiham olunmasına əsas vemişdi. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı. Velikorus millətçiliyi qoxusu verən bu çağırışda sovet imperiyasındakı qeyri-rus millətlərin maraq və mənafeləri qətiyyən nəzərə alınmamışdı. Çox qısa müddətdə əsl simasını üzə çıxardığına və Qərb dəyərlərinə qarşı çevrilmiş bir sıra çıxış və müsahibələrinə görə Qərbdə onu "utopik irticaçı" adlandıranlar da tapılmışdı.
Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Soljenitsına münasibət də kökündən dəyişilmişdi. 1990-cı ildə vətəndaşlığı bərpa olunmuş, "QULAQ arxipelaqı" romanına görə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. 1992-ci ildə ABŞ-də rəsmi səfərdə olan Rusiya prezidenti B.Yeltsin Soljenitsınla görüşərək Rusiyanın tarixi keçmişi və gələcək inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparmışdı. Həmin görüşdə yazıçıya vətənə qayıtmaq təklifi olunmuşdu. Yeltsin hökumət məmurlarının iqamətgahları yerləşən "Sosnovka 2"-də mülk tikməsi üçün Soljenitsına geniş torpaq sahəsi ayırmışdı.
1994-cü ilin mayında Soljenitsın ailəsi ilə birlikdə Vermont ştatından Vladivostoka uçmuşdu. Oradan isə qatarla Rusiya ərazisinin böyük bir hissəsindən keçərək Moskvaya qayıtmışdı.
Bundan sonra Rusiyada Soljenitsın kultu başlanmışdı. 1997-ci ildə o, Rusiya EA-nın həqiqi üzvü seçilmiş, Akademiyanın Lomonosovun adını daşıyan Böyük Qızıl medal ilə mükafatlandırılmışdı. Yazıçının ölkənin ali mükafatı — Andrey Pervozvannı ordeni ilə təltifi ilə bağlı sərəncam imzalansa da (1998) Soljenitsın "Rusiyanı indiki acınacaqlı duruma salmış ali rəhbərliyin əlindən belə bir mükafat almaq istəmədiyinə görə" təltif baş tutmamışdı. 2006-cı ildə Aleksandr Soljenitsın Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı olmuşdu. Yazıçı da öz növbəsində, adını daşıyan ədəbi mükafat təsis etmişdi.
XX yüzilliyin əvvəllərində Lev Tolstoyun Rusiyanın mədəni və mənəvi həyatında oynadığı rolu aradan yüz il keçəndən sonra Soljenitsının öz üzərinə götürdüyünü müşahidə etmək o qədər də çətin deyildi. Bunu isə Rusiya cəmiyyətində hamı eyni məmnunluqla qarşılamırdı. Başqa bir dissident yazıçı – Vladimir Voynoviç "Moskva-2042" romanında ad çəkməsə də Rusiyanı yenidən qurmaq istəyən Soljenitsının satirik obrazını yaratmışdı.
Həyatının son illərini Moskvada və Sosnovkadakı bağ evində keçirən Soljenitsın 30 cildlik külliyatının çapa hazırlanması ilə məşğul olurdu.
Soljenitsın yaradıcılığının tədqiqatçılarından Milovan Cilasın (Yuqoslaviya) fikrincə, o, "rus mədəniyyəti və şüurunda yaranan boşluğu doldurmuş, Puşkin, Qoqol, Tolstoy, Dostoyevski, Çexov, Qorki kimi müəlliflərin əsərlərində Rusiyanın bütün dünyaya nümayiş etdirilən ruhunu özünə qaytarmışdır".
Aleksandr Soljenitsın 3 avqust 2008-ci ildə vəfat etmişdir.
Aleksandr Soljenitsınin seçilmiş əsərləri (az.)