Boris Leonidoviç Pasternak (rus. Борис Леонидович Пастернак, təxminən 1920-ci ilə qədər Boris İsaakoviç Pasternak[5][6]; 29 yanvar (10 fevral) 1890[1], Moskva[2] – 30 may 1960[2][3][…], Peredelkino[d], Moskva vilayəti) — rus şair, yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958).
Boris Pasternak | |
---|---|
rus. Борис Леонидович Пастернак | |
Doğum adı | Борис Исаакович Постернак[4] |
Doğum tarixi | 29 yanvar (10 fevral) 1890[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 may 1960[2][3][…] (70 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri |
|
Uşağı | 2 |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, şair, tərcüməçi, romançı, dramaturq, pianoçu, nasir |
Fəaliyyət illəri | 1911–1959 |
Əsərlərinin dili | rus dili |
İstiqamət | futurizm |
Tanınmış əsəri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Boris Leonidoviç Pasternak yəhudi əsilli rus sovet şairi və yazıçı, sovet ədəbiyyatının Nobel mükafatı alan ilk nümayəndəsidir. Moskvada, ziyalı ailəsində doğulmuşdu. Atası Leonid Pasternak Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbinin professoru və tanınmış portretçi-rəssam, anası Rozaliya Kaufman isə uşaqlarının tərbiyəsi üçün musiqi karyerasından imtina etmiş məşhur pianoçu idi. Ailənin adi güzəranına baxmayaraq, Pasternakların evi Moskva bomondunun toplaşdığı əsas yerlərdən biri idi. Bu evdə Lev Tolstoy, Raxmaninov, Skryabin, Erix Mariya Rilke və s. məşhur adamlar olmuşdular.
Rəssamlıq və musiqi mühitində böyüyən Boris Pasternak əvvəlcə Moskva Konservatoriyasında kompozisiya nəzəriyyəsini öyrənməyə başlamışdı. Lakin musiqi duyumunun yetərincə olmadığını başa düşdükdən sonra bu işdən əl çəkmişdi. Dinlə maraqlanmış, bir müddət Moskva Universitetinin tarix-fəlsəfə fakültəsində oxumuşdur. 1912-ci ildə təhsilini Maqdeburq Universitetində, neokantçılar məktəbinin başçısı professor German Koqenin yanında davam etdirmişdir. Sonda bədii yaradıcılığa marağı daha güclü olduğundan Pasternak musiqi kimi teologiya sahəsindən də uzaqlaşmağı qərara almışdı.
Moskvaya qayıtdıqdan sonra simvolist və futurist ədəbiyyatın tanınmış nümayəndələri, eləcə də Vladimir Mayakovski ilə yaxınlaşmışdı. "Əkiz buludlarda" (1914) və "Maneələri aşaraq" (1917) adlı ilk şeir kitabları onu ədəbi cameəyə orijinal təfəkkür tərzi və özünüifadə forması olan şair kimi tanıtmışdı.
Uşaq vaxtı ayağı zədələndiyindən Boris Pasternakı Rusiyanın da qatıldığı Birinci Dünya müharibəsində səfərbərliyə almamışdılar. Lakin o həqiqi rus vətənpərvəri kimi həlledici anda kənarda qalmağı düşünməmişdi. Ural hərbi zavodlarında dəftərxana işçisi kimi vətəninə kiçik töhfəsini verməyə çalışmışdı.
İnqilabi Rusiyada çap etdirdiyi "Qardaşım həyat" (1918) və "Bir mövzunun variasiyaları" (1923) kitabları Pasternakın adını yeni yaranmaqda olan sovet ədəbiyyatının aparıcı simaları sırasına çıxarmışdı. Yaradıcılığının böyük pərəstişkarı Marina Svetayeva onun poeziyasını "işıq leysanı" adlandırırdı.
1921-ci ildə Pasternakın atası, anası və bacısı Almaniyaya mühacirət etmiş, Hitler hakimiyyətə gələndə isə Londona köçmüşdülər. Boris və qardaşı Aleksandr isə SSRİ-də qalmağa qərar vermişdilər. Beləcə, bir zamanlar hamıya monolit görünən Pasternak ailəsinin yolları və baxışları haçalanmışdı.
Boris Pasternak yeni rejimi qəbul etməkdən daha çox Rusiyanı atıb getmək istəməmişdi. Və Sovet Rusiyasının şairinə çevrilmişdi. İnqilabi-tarixi mövzuda yazdığı "Doqquz yüz beşinci il" (1925–1926) və "Leytenant Şmidt" (1926–1927) poemaları sovet ədəbi tənqidi tərəfindən məmnunluqla qarşılanmışdı. 1934-cü ildə keçirilən sovet yazıçılarının I qurultayında Pasternak artıq proletar ədəbiyyatının alovlu nümayəndələrindən biri kimi təqdim olunmuşdu.
Lakin şair inqilab mövzusunu davam etdirmədiyindən onun yaradıcılığına bəslənən ümidlər, rəğbət və heyranlıq tezliklə öz yerini kəskin tənqidə vermişdi. Xüsusən, "Böyük terror" dövründə sovet hərb xadimlərinə üzərində qurulan məhkəmə proseslərinə, onlara qarşı irəli sürülən ittihamlara şübhəli münasibət bəsləməsi şairə baha başa gəlmişdi. Özü Stalinin iradəsi sayəsində repressiyaya məruz qalmasa da, əsərlərinin nəşrinə qadağa qoyulmuş, 1936–1943-cü illər arasında orijinal yaradıcılığından bir sətir də çap edilməmişdi.
Boris Pasternak bir neçə Avropa dilini mükəmməl bilirdi. Əsərlərinin nəşri qadağan edildiyi illərdə o, daha çox bədii tərcümə ilə məşğul olmuş, klassik alman, ingilis və fransız ədəbiyyatının bir sıra diqqətəlayiq örnəklərini böyük ustalıqla rus dilinə çevirmişdir. Onun Şekspir dramaturgiyasından tərcümələri indiyə qədər də bu sahədə ən uğurlu nümunələr sayılmaqdadır.
Alman qoşunlarının Moskvaya yaxınlaşdıqları ərəfədə Boris Pasternak da sovet ədəbiyyatı və mədəniyyətinin tanınmış simaları ilə birlikdə ölkənin içərilərinə — Çistopol şəhərinə köçürülmüşdü. Bu dövrdə o, vətənpərvər ruhlu şeirlər yazır və təkidlə sovet rəhbərliyindən hərbi müxbir kimi ön cəbhəyə göndərilməsini xahiş edirdi. Pasternakın xahişinə yalnız 1943-cü ildə əməl olundu. Bu icazə şairin həm də siyasi bəraət qazanması demək idi. Səkkiz illik fasilədən sonra, nəhayət, "Erkən səfərlərdə" (1943) adlı yeni şeirlər kitabı da işıq üzü görmüşdü.
Hələ 40-cı illərdə, şeir yaradıcılığı və bədii tərcümələrlə məşğul olduğu dövrdə Boris Pasternak "gördüyü və üzərində düşündüyü" heyrətamiz hadisələri iri həcmli, epik planlı nəsr əsərində reallaşdırmaq arzusu ilə yaşayırdı. Müəllif bu niyyətini "Doktor Jivaqo" romanı ilə gerçəkləşdirdi.
Həkim və şair Jivaqo ümumiləşdirilmiş obraz idi. XX əsrin birinci yarısında Rusiyada baş verən bütün mühüm hadisələr onun tərcümeyi-halında əks olunmuşdu. Uşaqlığı əsrin əvvəllərinə təsadüf edən Jivaqo Birinci Dünya savaşının, rus inqilabının, vətəndaş müharibəsinin, Stalin epoxası dəyişikliklərinin şahidi və iştirakçısı idi. Cəmiyyətin mütləq çoxluğu kimi şüarlar və partiya direktivləri ilə deyil, analitik, soyuq ağılla düşünən, hərəkət edən doktor Jivaqo sovet ədəbiyyatının ortodoks qəhrəmanlarından sayıla bilməzdi. Marksist-leninçi ideyalar inqilaba qədərki və sonrakı Rusiyanın geniş panoramının yaradıldığı romana yad idi.
"Qalın" jurnallardan biri "Doktor Jivaqo"nu çap üçün qəbul etmişdi. Sonradan isə, təbii ki, müvafiq orqanların təlimatı nəticəsində "müəllifin inqilaba mənfi münasibətinə və sosial dəyişikliklərə inamsızlığına" görə verilən vəd yerinə yetirilməmişdi. Əsər ilk dəfə 1957-ci ildə Milanda, italyan dilində nəşr olunmuşdu. Növbəti ilin sonunda "Doktor Jivaqo" artıq 18 Avropa dilinə çevrilmişdi. İngilis rejissoru Devid Lin əsərin motivləri əsasında bədii film çəkməyə başlamışdı.
1958-ci ildə İsveç Akademiyası "müasir lirik poeziyada mühüm nailiyyətlərinə, habelə böyük rus epik romanı ənənələrini davam etdirdiyinə görə" Boris Pasternakı ilin Nobel laureatı elan etdi. Bu xəbər Sovet İttifaqında qəfil partlayan bomba effekti doğurdu və son dərəcə sərt reaksiya ilə qarşılandı. "Pravda", "Literaturnaya qazeta" kimi mərkəzi mətbuat orqanları Boris Pasternakı "xain", "bədxah", "obıvatel", "İuda", "böhtançı", "düşmən əlaltısı" adlandırdılar. Onu SSRİ Yazıçılar İttifaqı üzvlüyündən çıxardılar və mükafatdan imtina etməyə zorladılar.
İsveç Akademiyasına göndərdiyi: "Son dərəcə minnətdaram, sarsılmışam, qürur duymuşam, heyrətlənmişəm, özümü itirmişəm" sözlərindən ibarət ilk həyəcanlı və emosional teleqramın ardınca müəllif: "Mənsib olduğum cəmiyyətin mənə verilən mükafata münasibətini nəzərə alaraq ondan imtina etməliyəm. Könüllü imtinamı təhqir kimi qarşılamamağınızı xahiş edirəm", — kimi sırf dəftərxana üslubunda yazılmış ikinci teleqram göndərməli olmuşdu. İsveç Akademiyasının üzvü Anders Esterlinq laureatın bu "könüllü-məcburi" qərarı ilə bağlı demişdi: "Təbii ki, bu imtina heç vəhclə mükafatın əhəmiyyətini azaltmır. Bizə yalnız təqdimat mərasiminin baş tutmamasına təəssüflənmək qalır".
Nobel mükafatından imtinaya məcbur edilən Boris Pasternak özünə qarşı daha ciddi ölçülərə əl atılacağından ehtiyatlanırdı. Sov. İKP MK-nın birinci katibi N. S. Xruşşova ünvanladığı məktubda yazıçı doğuluşu, bütün şüurlu həyatı və yaradıcılığı ilə bağlı olduğu Rusiyanı tərk etməyin özü üçün ölümə bərabər olacağını bildirirdi. Taleyinin tükdən asılı olduğu bu dövrdə Pasternak heç bir ədəbi tədbirə qarışmır, keç kimlə görüşmür, heç kəsi qıcıqlandırmamağa çalışaraq əsasən Moskva ətrafında, Peredelkinodakı bağ evində yaşayırdı.
Tənqidçi Mark Slonimin mübahisə doğurmayan fikrinə görə Boris Pasternakın kommunist ideallarına müxalifliyi siyasi deyil, daha çox əxlaqi-fəlsəfi mahiyyət daşıyırdı. Təbii ki, aristokratik cəmiyyətdə, din və humanizm prinsipləri əsasında, fikir azadlığı şəraitində tərbiyə alan müəllifin sovet prinsiplərini, kollektivizm və ateizmi sona qədər qəbul edəcəyini düşünmək sadəlövhlük olardı.
Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Boris Pasternaka olan münasibət də dəyişildi. Yazıçının külliyyatı, ilk nöbvədə isə uzun müddət "samizdat" şəklində yayılan "Doktor Jivaqo" romanı çap olundu. SSRİ Yazıçılar İttifaqı onun üzvlükdən çıxarılması haqqındakı qərarını ləğv etdi. Nobel mükafatının diplomu və medalı isə aradan 30 il keçdikdən sonra 1989-cu ildə Stokholmda yazıçının oğlu Yevgeni Pasternaka təqdim olundu.