Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[1][2][…], Bordo[3] – 1 sentyabr 1970[3][1][…], Parisin 16-cı dairəsi[d][7]) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri.
Fransua Moriak | |
---|---|
fr. François Mauriac | |
Doğum adı | Charles François Mauriac[5] |
Təxəllüsü | Forez[6], François Sturel[6] |
Doğum tarixi | 11 oktyabr 1885[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 sentyabr 1970[3][1][…] (84 yaşında) |
Vəfat yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, jurnalist, şair, romançı, dramaturq, ssenarist, ədəbiyyat tənqidçisi, bioqraf |
Fəaliyyət illəri | 1906–1970 |
Əsərlərinin dili | fransız dili |
Janrlar | memuar, esse |
Üzvlüyü |
|
Mükafatları | |
Fransua Moriak Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı.
Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
1913-cü ildə o, "Zəncirin ağırlığını daşıyan uşaq" adlı ilk romanını çap etdirdi. Fransanın da qatıldığı Birinci Dünya müharibəsi başlananda Fransua Moriak səhhətinə görə hərbi xidmətə çağrılmamışdı. Lakin könüllü kimi Qırmızı Xaç sıralarına qoşulmuş və Bolqarıstandakı hərbi hospitallarda xidmət etmişdi. Tərxis olunandan sonra daha iki roman yazsa da, yalnız "Cüzamlı xəstəyə bəxş edilən öpüş" (1922) əsəri ilə adını tanıda bilmişdi. Roman eybəcər, lakin zəngin bir adamla kəndli qızının baş tutmayan izdivacından bəhs edirdi.
Fransa Akademiyasının mükafatını alan, həcmcə böyük, kompozisiya baxımından isə daha mürəkkəb "Məhəbbət səhrası" (1925) romanında müəllif ata ilə oğulun eyni vaxtda soyuq, hissiz və ehtirassız bir qadına bəslədikləri məhəbbəti psixoloji planda təsvir etməyə çalışmışdı. Ümumiyyətlə, Moriak məhəbbət mövzusuna yaradıclığında geniş yer ayırmışdı və müxtəlif əsərlərində bu yüksək bəşəri hissi fərqli rakurslardan işıqlandırmağa çalışmışdı. Lakin xristian əxlaqının tələbləri və əndazə hissi hər dəfə sona qədər gözlənilmədiyindən müəllifin bir sıra əsərləri katolik kilsəsinin qəzəbinə tuş gəlmişdi.
Çox güman ki, həm kilsənin tənqidlərindən, həm də dindar anasının öyüd-nəsihətlərindən nəticə çıxaran yazıçı 30-cu illərdə dini esselər və "katolik romanı" yazmağa təşəbbüs göstərmişdi. Din onun yaradıcılığına daha geniş nüfuz etmişdi. Xüsusilə "İlan yığnağı" (1931) romanında Moriak yüksək katolik dairələrin həyatını müsbət və mənfi tərəfləri ilə inandırıcı təsvir etməyə nail olmuşdu.
1933-cü ildə Moriak Fransa Akademiyasının üzvü seçilmişdi. Eyni ildə udlaq xərçəngindən əməliyyat olunmuş və səsini demək olar ki, tamam itirmişdi.
Moriak "katolik romanı" yaratmaq axtarışlarını yaradıcılığının sonrakı dövrlərində də davam etdirməsinə baxmayaraq, tənqidçilərin fikrincə, bu sahədə uğur qazana bilməmişdi. Müəllif din mövzusuna "Allah və Mammon" (1929), "İsanın həyatı" (1936) traktatlarında elmi-tarixi aspektdən yanaşmışdı.
30-cu illərdə Moriak özünü dramaturq kimi də sınaqdan çıxarmışdı. Təşəbbüs uğurlu alınmışdı. Onun "Asmodey" pyesi 1937–1938-ci il teatr mövsümündə Parisdə, "Komedi fransez"in səhnəsində yüz dəfədən çox tamaşaya qoyulmuşdu.
Fransanın Hitler Almaniyasının işğalına məruz qaldığı illərdə Fransua Moriak məqalə və esseləri ilə antifaşist hərəkatında iştirak etmişdi. Bu sahədə fəaliyyəti kifayət qədər geniş idi. Hətta ələ keçəcəyindən qorxaraq bir müddət gizlənmişdi. Müharibədən sonra isə o, əsl humanizm nümunəsi göstərərək müəyyən səbəblərə görə faşistlərlə əməkdaşlığa məcbur olan həmvətənlərə anlaşıqlı və şəfqətli münasibətin tərəfdarı kimi çıxış etmişdi.
Moriak Nobel mükafatına ilk dəfə 1946-cı ildə iddialı olsa da, laureat adını yalnız 1952-ci ildə "romanlarında insanın həyat dramlarını dərin mənəvi nüfuz və yüksək bədiiliklə işıqlandırdığına görə" ala bilmişdi. "Dilin aydınlığı və ifadəliliyi baxımından Moriakın tayı-bərabəri yoxdur. O, bir neçə sətirdə ən mürəkkəb mətləbləri izah etməyi bacarır. Yazıçının ən yaxşı əsərləri özünün məntiqi aydınlığı və ifadə vasitələrindən son dərəcə yığcamlıqla istifadə edilməsi ilə seçilir. Bu mənada onun əsərləri Rasinin faciələrini xatırladır". İsveç Akademiyasının üzvü Andres Esterlinq Moriak sənətkarlığını belə dəyərləndirmişdi. Yazıçı Nobel mühazirəsini insanı öz əsarəti altına alan ümidsizlikdən, onun ağlını və iradəsini dumanlandıran yalançı miflərdən necə və hansı yollarla qurtarmaq haqqında fəlsəfi mülahizələr üzərində qurmuşdu.
Nobel mükafatı aldıqdan sonra Moriak "Quzu" (1954) romanını çap etdirmişdi. Yaradıcılığının son dövründə o, daha çox jurnalistika ilə məşğul olur, "Fiqaro" qəzetində "Bloknot" adlanan və böyük oxucu auditoriyası toplayan guşə aparırdı. Həqiqi fransız və Fransa vətənpərvəri olmasına baxmayaraq, o, Şarl de Qollun müstəmləkəçiliyə zidd siyasətini dəstəkləmiş, Mərakeş, Əlcəzair kimi keçmiş müstəmləkələrə müstəqillik vermək tərəfdarı kimi çıxış etmişdi. Şarl de Qollun təqdimatı ilə 1958-ci ildə Fransua Moriak Fəxri Legion ordeninin Böyük Xaçı ilə təltif edilmişdi. Yazıçının "Keçmişin uşaqları" (1968) adlı sonuncu romanı ölümündən az əvvəl nəşr olunmuşdu.
Müasir fransız tənqidçisi Anri Peyrin fikrincə, əgər 1930–1945-ci illərdə Moriakı Marsel Prustdan sonra Fransanın ikinci yazıçısı adlandırmaq mümkün idisə, sonrakı dövrlərdə onun yaradıcılığına maraq əhəmiyyətli dərəcədə azalmışdır. Lakin buna baxmayaraq tənqidçi Moriakın 4–5 romanının yaşayacağına ümid etdiyini bildirir və bunun özünü də o qədər pis nəticə saymırdı.
Nəşr ili | Orijinal adı | Azərbaycanca adı | Janrı |
---|---|---|---|
1913 | fr. L’Enfant chargé de chaînes | Zəncirin ağırlığını daşıyan uşaq | roman |
1914 | fr. La Robe prétexte | ||
1920 | fr. La Chair et le Sang | ||
1921 | fr. Préséances | ||
1922 | fr. Le Baiser au lépreux | Cüzamlı xəstəyə bəxş edilən öpüş | roman |
1923 | fr. Le Fleuve de feu |