Ziyadoğluları

Azərbaycan sülalələri

Ziyadoğlular sülaləsi, Ziyadoğlu Qacar və ya Ziyadlı — Qacar tayfasının bir qolu olan Ziyadlılar XVI əsrin ortalarından 1743-cü ilə qədər Səfəvi Qarabağını idarə etmişdirlər. Onların idarə etdikləri ərazilərə bəzən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxeti, Səfəvi Astrabadı da daxil edilmişdir. Gəncə xanlığı 1747-ci ildən 1805-ci ilə qədər, İrəvan xanlığı 1755-ci ildən 1828-ci ilə qədər Ziyadlıların nümayəndələri tərəfindən idarə edilmişdir. Bəzi müəlliflər iddia edir ki, Qacar imperiyasını uzun müddət idarə etmiş Qovanlı Qacarlar Ziyadlı və ya Ziyadoğlu Qacarların bir tirəsidirlər.

Sülalənin tarixi

[redaktə | mənbəni redaktə et]

Ziyadoğluları haqqında Tarixçi Məhəmməd Məsum ibn Xocəki-Isfahani "Xülasət əs-siyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən-Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur, lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür. Xızr bəy bir müddətdən sonra dünyasını dəyişmiş və onun böyük oğlu Ümmət bəy Lahican vilayətində şahənşaha səcdə etmək şərəfinə nail olmuşdur o, zəmanəsinin yeganəsi olan bu şəxslə şahənşahla yaxınlıq mərtəbəsinə yüksəlmişdir. Ümmət bəy hörmət və izzət sahibi Sufi Lahicinin xidmətində olmuş şahənşahlıq lütfü və diqqəti həmişə onun üzərinə kölgə salmışdır. Xalq üçün qorxulu, təhlükəli vəziyyətlərdə bəşəri gücü çatan işləri daha çox o, gördüyü üçün, eləcə də saf etiqadına, fədakarlığına və çoxlu xidmətlərinə görə Ziyadoğlu ləqəbini qazanmışdır".

Qacar elinin oymaqlarından biri də Ziyadlıdır. Ziyadlı oymağının bir qolu Qarabağ da, bir qolu Irəvanda, bir qolu isə Astrabadda məskunlaşmışdı. Ziyadlı oymağının bir qolu Qarabağda (Gəncədə), bir qolu Çuxursəddə (İrəvanda) hakimiyyətdə olmuşdur. Gəncə ziyadlıları tarixi ədəbiyyatda Ziyadoğlu kimi tanınırlar. Onların tayfa başçıları bu yörədə öncə bəylərbəyi, sonra müstəqil xan olmuşlar. Gəncə bəylərbəyi Qarabağ Şahverdi bəy Ümmət bəy oğlu I Şah Təhmasib Səfəviyə qulluq etmişdi. Şah ona sultan ünvanı vermişdi. Təhmasib 1551-ci ildə Kəmaləddin Şahverdi sultanı 1551 Gəncə-Qarabağ vilayətinə bəylərbəyi təyin etmişdi. Osmanlılara qarşı Ərzurum savaşında göstərdiyi mərdliyə və müvəffəqiyyətə görə Danqı mahalının ilbəil gəliri ilə ödüllənmişdi. Danqı mahalı öncə Şəki vilayətinə bağlı idi.

Qarabağ Ziyadoğlu-Qacarların irsi bəylərbəyliyi kimi Qarabağ xanlığının yaranmasına kimi, kiçik fasilə ilə 300 ilə qədər onların nəzarətində qalmışdı. Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun "Xülasət əs-siyar" əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzyilliyin 40-cı illərindən-XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik tarixini öz əsərində işıqlandırmışdır.

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.