Əbdül Xalıq
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973).
Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır.
Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.
Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.