Abbasilər xilafəti
Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur.
Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür.
Abbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən (661–750) fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8–9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi.