Ulduz Kəngərli
Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) (d. 28 sentyabr 1924, İrəvan, Ermənistan SSR) — texnika elmləri doktoru, professor.
Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur.
1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir.
1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir.
1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir.
Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir.