Tuğ (Xocavənd)
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır.
Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.