Yədulla Ağazadə
Yədulla Ağazadə (azərb. Ağazadə Yədulla Bədir oğlu) — folklorşünas, ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2014), professor (2019)
Yədulla Bədir oğlu Ağazadə 1950-ci il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957–1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961–1967) orta məktəblərində almışdır. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968–1969). 1969–1970-ci illərdə ordu sıralarında xidmət etmişdir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (qiyabi) bitirmişdir (1975).
Pedaqoji fəaliyyətə Lənkəran rayonunun ucqar Gəgiran kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1971–1973). Daha sonra Gəgiran kənd orta məktəbinin direktoru vəzifəsində (1973–1981), rayonun Ləj kənd orta məktəbində tədris işləri üzrə direktor müavini (1981–1990), Lənkəran şəhər 5 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışmışdır (1990–1998). Lənkəran Dövlət Universitetində fəaliyyətə başladığı gündən (1992) burada baş müəllim(1992–1998), dosent (1998–2015), professor (2016-cı ildən) vəzifələrində çalışmış, hazırda LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professorudur.
"Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti" mövzusunda namizədlik (1998), "Azərbaycan poeziyasında satirik poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir (2013).