Çapay Sultanov
Sultanov Çapay Əli oğlu — geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının üzvü
Sultanov Çapay Əli oğlu 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1960-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş və kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçmişdir. 1964-cü ildə Sultanov Ç.Ə. "Azərbaycanın qazkondensatneft, qazkondensat və qaz yataqlarının tükənməyə işlənməsində geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə Sultanov Ç.Ə. bir qrup alimlərlə birlikdə "Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi və Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələşdirilməsi" işinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 1986-cı ildə Sultanov Ç.Ə. "Neft yataqlarının ehtiyatlarının hesablanması, layihələşdirilməsində və işlənməsinin analizində geoloji-mədən deformasiyaların istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 4 Aprel 2018-ci ildə vəfat etmişdir.
Ç.Ə.Sultanovun elmi tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neftverməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə ilə statistik üsulların tətbiqidir. Çapay Sultanov Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib.
0, 150 elmi işin, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifidir.