Şamama Ələsgərova
Şamama Məmmədkərim qızı Ələsgərova (8 mart 1904, İrəvan – 2 aprel 1977, Bakı) — həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı (1969). Uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmişdir. Dövlət və elm xadimi Əziz Əliyevin bacısıdır.
Şamama Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İrəvanın bəy nəslindən Zəhra xanım Süleymanbəyova ilə ailə qurmuş, cütlüyün bu evlilikdən beş övladı dünyaya gəlmişdi: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad. Şamama ailənin 3-cü qız övladı idi. O, ilk təhsilini gimnaziyada almışdı. Daha sonra ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olan Şamama xanım, 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanır.
Şamama Ələsgərova Abdulla İbrahimovla ailə həyatı qurmuş, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlmişdir.
Əmək fəaliyyətinə müharibə illərindən başlayan Şamama Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olmuşdu.