Şirvanşahlar dövlətinin əhalisi
Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir.
VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar.
Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı" Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar.
Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır.