Şortəpə nekropolu
Şortəpə nekropolu — Şərur rayonunun ərazisində arxeoloji abidə.
Şortəpə nekropolu İbadulla kəndindən şərqdə eyni adlı yaşayış yerinin yaxınlığındаdır. 1934-cu ildə bu ərazidə kanal qazılarkən nekropol dağıdılmış, buradan xeyli monoxrom boyalı qablar aşkar edilmişdir.
== Aşkarlanmış maddi-mədəniyyət nümunələri ==
Başlıca olaraq küpə, çölmək və kasa tipli qablardan ibarət olan arxeoloji materiallar hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Aşkar edilmiş tapıntılar küpə, çölmək, kasa, çaynik tipli qablardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə, keyfiyyətli bişirilmişdir. Qabların bir qrupu qırmızı rəng üzərindən qara rənglə, həndəsi motivdə naxışlanmışdır.
Polixrom boyalı qablar bir küpə ilə təmsil olunmuşdur. Onun ağzının kənarı bir qədər yanlara doğru genişlənərək ucda dəyirmiləşdirilmişdir. Boğazı silindirik, gövdəsi qabarıq, oturacağı yastıdır.