Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/
Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı.
İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı.
Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.