Əndərun
Əndərun (Osmanlıca: اندرون) — Osmanlı imperiyasında sarayda bürokratik və hərbi sahədə ixtisaslı kadrlar yetişdirən təhsil qurumudur.
Osmanlı dövlətində XV əsrin ortalarından etibarən mədrəsələr istisna olmaqla, ən önəmli rəsmi təhsil qurumu idi. Əsasən, mülki və hərbi idarəçilərin hazırlandığı bu məktəb, Osmanlıda mərkəzi və regional bürokratiya üçün lazimi insan resurlarını formalaşdırırdı. Əndərun təhsil sistemi II Murad dövründə Ədirnə sarayında təsis olunmuş, II Mehmed dövründə isə tamamlanmışdır.
Adətən ailələriylə əlaqələri tamamilə kəsilən və dəvşirilən uşaqlar Əndəruna alınmazdan əvvəl müəyyən bir təlimdən keçirilirdi. Xristian ailələrdən alınan bu uşaqlar əvvəlcə türk ailələrinin yanında türkcəni, İslami əsasları və əsas təlim-tərbiyəni öyrənir, daha sonra Ədirnə, Qalata, İbrahim Paşa saraylarının birində öz qabiliyyətlərinə uyğun dərslər alırdılar. Bu uşaqlara "acemi oğlanlar" (yəni, naşı oğlanlar) deyilirdi. Acemi oğlanlar buradakı təhsillərini bitirdikdən sonra "çıkma" adı altında müxtəlif hərbi vəzifələrə gətirilirdi. Daha bacarıqlı olanlar isə nisbətən yüksək təlim almaq üçün Əndəruna alınırdı. Əndərundakı təhsil Böyük və Kiçik odalar, Şahinçilər sinfi, Səfərlilər sinfi, Anbar odası, Xəzinə odası və Has oda olmaq üzrə 7 mərhələyə ayrılmışdı.