1847-ci il Kəndli Əsasnamələri
1847-ci il Kəndli Əsasnamələri — Çar Rusiyası tərəfindən Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə məqsədilə tətbiq olunmuş sənədlər.
Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycanın ali təbəqəsinin – xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi. Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ tanındı və qanuniləşdirildi. Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini qanuniləşdirən - "Kəndli Əsasnamələri" verildi.
Reskriptdə şərh olunan və torpaq sahibkarları ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən prinsiplər 1847-ci il 20 aprel və 28 dekabr tarixli "Kəndli əsasnamələri"ndə konkretləşdirildi. Bu əsasnamələrdən birincisi Şamaxı və Dərbənd quberniyalarınm bəy kəndlilərinə, yəni Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalannm xüsusi sahibkar kəndlilərinə, ikincisi isə Tiflis quberniyasının Yelizavetpol qəzasındakı Qazax və Şəmşəddil nahiyələri ağalarının torpaqlarında yaşayan kəndlilərə aid idi.