Əzizağa Əzizov
Əzizağa Ağayar oğlu Əzizov (20 oktyabr 1960, Hacıqabul, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015).
20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hərbi dənizçilik sahəsinə üz tutmaq istəsə də, təsadüf nəticəsində incəsənət sahəsinə gəlmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyoru fakültəsini bitirib.
İş fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram teatrına II kateqoriyalı aktyor kimi başlayıb.
1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib.
1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor vəzifəsində çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah və s.