Torpaq
Torpaq — yer qabığının bitki bitən üst münbit qatı.
Torpağa ilk elmi tərif V. V. Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir".
O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V. V. Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir.
Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V. R. Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir".
Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q. Ş. Məmmədov, 2007).
Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir.