Azərbaycan Xalq Cümhuriyyəti-Gürcüstan Demokratik Respublikası əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar problemlərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Rusiya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi.
Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə getməklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəhbərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı.
Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar.
Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər.
Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu.
== Diplomatik nümayəndəliklər ==
Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə diplomatik nümayəndəsi təyin etdi.