Azərbaycan–ATƏT əlaqələri

Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.[1]

İkitərəfli əlaqələr

[redaktə | mənbəni redaktə et]

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.

Fevralın 27–28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.

Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8–10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.

20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur. 5–6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmiləri olan ümumavropa təşkilatına – ATƏT-ə çevirilmişdir.

Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq eldə etmişlər. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnamənin qəbulu təşkil etmişdir.

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlyandiya ilə Rusiya, sonra isə 1995–97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.

1996-cı il 2–3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

  1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
  2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
  3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Hazırda Minsk qrupunun Həmsədrləri aşağıdakılardır:

  • Stiven Mənn (ABŞ)
  • Anri Jakolen (Fransa)
  • Yuri Merzlyakov (Rusiya)

Hazırda Minsk Qrupu aşağıdakı tərkibə malikdir (ATƏT-in rəsmi saytında olan məlumata əsasən):

  1. ABŞ
  2. Almaniya
  3. Azərbaycan
  4. Belarus
  5. Ermənistan
  6. İsveç
  7. İtaliya
  8. Niderland Krallığı
  9. Portuqaliya
  10. Rusiya
  11. Türkiyə
  12. Finlyandiya
  13. Fransa

1997–1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmidir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.

18–19 noyabr 1999-cu ildə İstanbulda keçirlən ATƏT-in üzv ölkələrinin dövlət və hökumət başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur. Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında sıx əməkdaşlıq münasibətləri əldə olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının hökuməti ilə fəal əməkdaşlıq aparmış və aparılan birgə əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir.

ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsin Ofisi və AR-in XİN-in birgə təşəbbüsü əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş "Azərbaycanda Mətbuat Azadlığı və Məsuliyyətinin İnkişafı" mövzusunda seminarın Ofislə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi və Jurnalistikada davranış məcəlləsi, həmçinin digər müvafiq məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

ATƏT-in tamhüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Lakin Milli Azlıqlar üzrə Ali Komissarının mandatına (mandata uyğun olaraq, Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının yaranması ehtimal olunan bölgələrlə geniş fəaliyyət göstərir), eyni zamanda Azərbaycanın milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə və həyata keçirdiyi tədbirlərə baxmayaraq, Ali Komissarının Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq hələ arzuolunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir. 300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər.

Bakıda ATƏT-in Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurasının 318 saylı qərarı qəbul olunmuşdur.

ATƏT-in Daimi Şurasının 318 saylı qərarının qəbulundan sonra 1999-cu ilin noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan arasında əməkdaşlıığa yeni təkan vermişdir.

18 iyul 2000-ci ildə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı baş tutmuşdur.

ATƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı Azərbaycan üçün vacib əhəmiyyət kəsb etdiyindən, xüsusi olaraq bu məqsədlə Azərbaycanda ATƏT-in Dostları Qrupu yaradılmışdır.

  1. "OSCE". www.mfa.gov.az. 2019-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.