ASEAN–Yaponiya əlaqələri

ASEAN–Yaponiya əlaqələriCənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ilə Yaponiya arasındakı mövcud olan ikitərəfli əlaqələr.

ASEAN–Yaponiya əlaqələri
 ASEAN  Yaponiya

Tarixi[redaktə | mənbəni redaktə et]

ASEAN–Yaponiya əlaqələri 1972-ci ildə yaradılmışdır. Münasibətlərinin qurulmasında və inkişafında hər iki tərəfin maraqları vardır. Həmin vaxtlarda Yaponiyanın hökumət nümayəndələri bəyan etmişdilər ki,

"Yaponiya əsas diqqəti ASEAN ölkələri ilə sosial-iqtisadi və siyasi sabitliyi qorumağa yönəldəcəkdir."[1]

1976-cı ildə isə Assossiasiya üzvləri Yaponiya ilə münasibətləri daha geniş səviyyədə qurmaq qərarına gəldilər.

1976-cı ilin sonlarında ASEAN-ın Baş katibi Tokiyoya səfər etdi. Bu səfər zamanı gələcəkdə ASEAN–Yaponiya forumunun keçirilməsi qərara alındı. 1977-ci ilin martında Cakartada ilk ASEAN–Yaponiya forumu keçirildi.[2] Nəticədə, XX əsrin 70-ci illərindən başlayaraq Yaponiya ABŞ-dən sonra ASEAN-la iqtisadi əlaqələri olan ikinci dövlətə çevrildi. 1997-ci ildən başlayaraq hər il yapon liderlərinin iştirakı ilə ASEAN+1 (Yaponiya) sammiti keçirilir. Yaponiyanın ASEAN-la daimi əlaqələri hər il keçirilən ASEAN–Yaponiya forumu vasitəsilə də həyata keçirilir.

ASEAN–Yaponiya forumlarında daha çox müzakirə edilən məsələlər sırasında ASEAN ölkələrində Yaponiyanın yaxından iştirakı və köməyilə kiçik və orta müəssisələrin inkişaf etdirilməsi, eyni zamanda iqtisadiyyatın bir çox sahələrinin - ticarətin, sənayenin, xüsusilə də ağır sənayenin, nəqliyyatın, qaz istehsalı sahəsinin inkişaf etdirilməsi, yerli ixtisaslı mühəndislərin hazırlanması, kənd təsərrüfatının inkişafına dair proqramlar nəzərdə tutulurdu. Bundan başqa, Yaponiya və ASEAN üzvü olan ölkələrin dövlət və hökumət başçıları müntəzəm olaraq keçirilən ASEAN+3 (Yaponiya, Çin və Koreya Respublikası) və Cənub-Şərqi Asiya ölkələrinin sammitlərində də görüşürlər.

Yaponiyanın ASEAN-la əlaqələri, həmçinin yüksək ranqlı məmurlar–nazirlər, nazir müavinləri, ayrı-ayrı sahələr üzrə müəssisə rəhbərləri, ASEAN-ın işçi orqanları, akademik mərkəzlər və qeyri-hökumət təşkilatları vasitəsilə də həyata keçirilir. XXI əsrin əvvəllərindən ASEAN–Yaponiya dialoqları daha geniş xarakter almışdır. Yaponiya "ASEAN+3" və "ASEAN+Yaponiya" forumlarında daha fəal rol oynayır. Məhz Yaponiyanın təklifi ilə bir sıra qərarlar qəbul edilir və onların yerinə yetirilməsi məsələləri müzakirə olunur.[3]

Uzun sürən tərəddüdlərdən sonra Yaponiya 2004-cü ildə Cənub-Şərqi Asiyada Sülh və əməkdaşlıq müqaviləsinə qoşulmuşdur və bu da onun ASEAN-la münasibətlərinin daha da yaxşılaşmasına təkan vermişdir.

Yaponiya hökuməti bir çox hallarda Cənub-Şərqi Asiya ölkələrinə, ASEAN təşkilatının üzvlərinə iqtisadi yardımlar edir, öz ölkəsinin maraqlarını nəzərə almaqla, həmin ölkələrdə yeni müəssisələrin açılmasında, investisiya qoyuluşunda yaxından iştirak etmişdir.

ASEAN təşkilatının regional forumlarında daha çox müzakirə edilən məsələlərdən biri də beynəlxalq terrorizmə qarşı mübarizə məsələsidir. Bununla bağlı 2004-cü ildə Yaponiya ilə ASEAN arasında beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmağa dair müqavilə imzalanmışdır.

Yaponiya–ASEAN münasibətləri iqtisadi-ticarət sahəsini olduğu kimi, digər sahələri, o cümlədən səhiyyəni də əhatə edir. 2005-ci ildə Yaponiyanın Baş naziri Koidzumi ASEAN ölkələrinə yoluxucu xəstəliklərlə mübarizə üçün 130 milyon ABŞ dolları məbləğində vəsait və quş qripinə qarşı mübarizə məqsədilə 500 min doza peyvənd verildiyini elan etmişdir.[4]

XXI əsrin əvvəllərində Yaponiyanın xarici siyasətinin əsas istiqamətlərindən birini də regionun həlli vacib problemlərinin məhz region ölkələrinin vəsaiti və birliyi hesabına həll edilməsinə nail olunmasından ibarətdir. Bu məqsədlə də bir sıra regional forumlar yaradılır, maddi mənbələr təşkil edilirdi. 2006-cı ildə Yaponiya-ASEAN İnteqrasiya fondu (JAİF) yaradıldı. Yaponiya fonda 70 milyon ABŞ dolları məbləğində vəsait qoymuşdu. Fond regionun ən mühüm əhəmiyyətli problemlərinin həlli ilə məşğul olmaq məqsədilə yaradılmışdır. Bu fondun yaradılması ilə, Yaponiya əslində region ölkələrinin problemlərinin həllində qərb dövlətlərinin iştirakının zəiflədilməsinə çalışırdı.

Mövcud vəziyyəti[redaktə | mənbəni redaktə et]

Yaponiya-ASEAN münasibətləri hal-hazırda aşağıdakı prinsiplər əsasında inkişaf edir:

  • bərabər hüquqlar və qarşılıqlı ehtiram qorunub saxlanılmalıdır;
  • beynəlxalq hüquq normalarına hörmət edilməli və onlar qorunmalı, daxili işlərə qarışılmaması prinsipinə riayət edilməli, qəbul edilmiş beynəlxalq normaların və insan hüquqlarının kobud şəkildə pozulması zamanı tövsiyələrə, iradlara və tənqidlərə hörmətlə yanaşılmalıdır;
  • bu münasibətlər üçüncü tərəf (ölkə) üçün təhlükə yaratmamalı və digər ölkələrə qarşı çevrilməməlidir;
  • bu münasibətlər Şərqi Asiya Birliyi çərçivəsində geniş əməkdaşlıq və quruculuq işlərinə, sülhün və tərəqqinin həyata keçirilməsinə xidmət etməlidir;
  • bu münasibətlər ASEAN birliyinin zəifləməsi və dağılmasına deyil, onun daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət etməlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Япония наших дней., . М.,Наука, 1983, с.186
  2. Плеханов Ю.А., Рогожен А.А. Экономика и политика АСЕАН. М.,1985
  3. Самойленко В.В. АСЕАН. Политика и экономика. М., 1982  (rus.)
  4. Арешидзе Л.Г. Международные отношения в Восточной Азии. Угрозы и надежды. М., 2007  (rus.)