Azərbaycan–BMT əlaqələri

Azərbaycan poçt markası (2011)

Azərbaycan ilə BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılmasından və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yaranıb.

Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul edib. Qəbul edilən bu dörd qətnamələri baxmayaraq, BMT kimi böyük təşkilatın qərarına o zamanda, hətta bu gündə Ermənistan silahlı qüvvələri uymur, atəşkəsi hər daim pozurdur. Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edən bu dörd qətnamədə dərhal atəşkəsin elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələbləri irəli sürülüb.qətnamələrin müddəaları indiyədək yerinə yetirilməyib.

Münasibətlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası (BA) 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" Qətnamə (A/RES/48/114) qəbul etmişdir.

1992–1996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişlər.

1996-cı ildən başlayaraq BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) təsdiqləyir.

Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Ümummilli lider çıxışında qlobalizasiya mövzusuna toxunmuş və qlobalizasiyanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir.

2003-cü ilin sentyabrında o vaxt Azərbaycan Respublikasının Baş Naziri olan cənab İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.

2004-cü ilin sentyabrında öz işinə başlamış BMT Baş Assambleyasının 59-cu sessiyasının ümumi müzakirələrində iştirak etmiş Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başçılıq etmişdir. Öz çıxışında dövlət başçısı Azərbaycanın maraq dairəsində olan bir sıra mühüm məsələlərə, ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuşdur.

Məhz BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində 2004-cü il 23 noyabrda BA-nın 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adllı 163 nömrəli bənd daxil edilmişdir.

Azərbaycan Respublikasının təşəbbüsü ilə BA-nın gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılması üçün münbit şərait yaratmışdır.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995–1997, 1998–2000-ci illər ərzində üzvü olmuşdur.

Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000–2002). Azərbaycan həmçinin Komissiyanın "Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.

Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.

Erməni aqressiyası nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur. 1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər.

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.

Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürmüşdür. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58–60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə layihəsi təklif edilmişdir. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədini güdmüşdür.

Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995–1997, 1998–2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000–2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002–2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003–2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.

Son 4 ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Qeyri-daimi üzv

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü seçilmişdir[1].

Poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]
1995-ci ildə buraxılmış poçt markası

1995-ci ilin sentyabr ayının 15-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən BMT-nin 50 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilmişdir. Həmin markanın qiyməti 250 manat, tirajı isə 36000 ədəd idi[2].