Əbdülvahab Salamzadə
Əbdülvahab Salamzadə (16 fevral 1916, Şamaxı – 19 avqust 1983, Bakı) — azərbaycanlı memar, professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1983).
== Həyatı ==
Əbdülvahab Salamzadə 16 fevral 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Əmək fəaliyyətini 1944–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda davam etdirmişdir. Belə ki, o, 1951-ci ildən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1957-ci ildən isə direktor müavini olmuşdur.
Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.
Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.
Əbdülvahab Salamzadə "Abidələr danışır" (Bakı, 1952), "Azərbaycan memarlıq abidələri" (Bakı, 1958), "Əcəmi Naxçıvani" (Bakı, 1976), "Arazboyu abidələr" (K. Məmmədzadə ilə birgə; Bakı, 1979) və elmə xidmət edəcək bir çox başqalarının müəllifidir.