Füzuli əməliyyatı
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi.
Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
== Tarixi ==
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir.
Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir.
3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.