Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929 və ya 24 avqust 1929, Qahirə, Misir – 11 noyabr 2004[…]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir.
Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.