Buk (zenit-raket kompleksi)
Buk zenit-raket kompleksi ilk dövrlərdə Sovet İttifaqı, sonradan isə davamçı ölkələrdən biri olan Rusiya Federasiyası tərəfindən istehsal olunan özüyeriyən, orta mənzilli zenit-raket kompleksidir. Qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə dizayn olunmuşdur.Bu sistem özündən əvvəl istehsal olunan "Kub" zenit-raket komplekslərini əvəz etmək məqsədilə silahlanmaya qəbul olunmuşdur. Seriyalı istehsal olunan ilk "Buk" kompleksləri ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-11 adı ilə tanınır.
NATO kod adı Grizzly olan və ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-17 adı ilə tanınan, yeni raketlərlə təchiz olunan növbəti variantlar isə "Buk-M1-2" və "Buk-M2" idi. 2013-cü ildə bu sistemin ən yeni variantı olan "Buk-M3" seriyalı istehsala hazırlanmışdır.Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dəniz versiyası 2014-cü ildən etibarən silahlanmaya qəbul olunub.
== Döyüş tətbiqi ==
Abxaz separatçılarının verdiyi məlumata görə 2008-ci il may ayının əvvəllərində "Buk" zenit-raket kompleksi vasitəsilə Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd pilotsuz uçuş aparatı məhv edilmişdir.Bəzi məlumatlara görə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş qısamüddətli hərbi toqquşma zamanı Gürcüstan Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksləri vasitəsilə Rusiya Hərbi Hava Qüvvələrinə aid üç ədəd Su-25 qırıcısı və bir ədəd Tu-22M strateji bombardmançı təyyarəsi məhv edilmişdir. ABŞ rəsmiləri də bu məlumatı təsdiqləmişdir. Bəzi analitiklərə görə qısamüddətli döyüşlər zamanı özünə nisbətən xeyli zəif olan gürcü qoşunlarına qarşı dörd təyyarəni itirmək Rusiya üçün böyük ziyan sayılmalıdır. Münaqişə ərzində Rusiyanın sahib olduğu radioelektron mübarizə sistemləri gürcülərin sahib olduğu hava hücumundan müdafiə sistemlərinin qarşısını almaqda aciz qaldı ki, bu da Rusiya tərəfinin hava döyüşlərində ciddi itkilərlə üzləşməsinə səbəb oldu. Gürcüstan tərəfindən müharibədə istifadə olunan "Buk" kompleksləri Ukraynadan satın alınmışdı.17 iyul 2014-cü ildə Ukraynanın şərqində Malayziya Hava Yolları reys 17 üzrə uçuş həyata keçirən "Boeing 777-200ER" təyyarəsi rusyönümlü separatçılar tərəfindən idarə olunan "Buk" zenit-raket kompleksi ilə vurularaq məhv edilib.