Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında - İkinci dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsinin şanlı səhifələrindən biri.
== Avropada Antifaşist müavimət hərəkatında Azərbaycanlıların iştirakı ==
Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər.
=== Polşada ===
Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar.
Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə
gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını fəda etmişlər".