Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Animalistik janr
ANİMALİSTİK JANR – heyvanlar aləmini təsvir edən incəsənət növü. Janr kimi Çində yaranmışdır (8 əsr). Heyvanın təsvirində onun vərdişləri və yaşadığı mühit animalist rəssamın diqqət mərkəzində olur. İbtidai incəsənət nümunələrindəki heyvan və quş təsvirləri rəssam ovçuların yüksək müşahidəçilik qabiliyyətini göstərir. “Heyvani üslub”da, o cümlədən skif mədəniyyəti abidələrindəki stilizə edilmiş heyvan fiqurları çox həyatidir; belə nümunələrə Qədim Şərq, Afrika, Okeaniya, qədim Amerika və bir çox dünya xalqlarının incəsənətində – qədim vazalar üzərində, antik heykəltəraşlıqda, mozaikalarda təsadüf edilir. Qobustan qayaları üzərində də heyvan təsvirləri var. Antik dövr, orta əsrlər, həmçinin İntibah dövrü incəsənətində bu janrda əsərlər yaradılmışdır. 16-cı əsrdən müstəqil janra çevrilmiş Animalistik janr 17-ci əsrdə Flandriya və Niderlandda, 18-ci əsrdə Fransada, 19-cu əsrdə isə Almaniya (A. Qaul), Rusiya (P.K. Klodt və Y. Lansere), ABŞ (C. Odübon) və başqa ölkələrdə daha da inkişaf etdirilmişdir. Orta əsr Azərbaycan miniatür rəssamları da bir çox heyvan təsvirinə (at, ceyran, pələng, əjdaha, quş və s.) müraciət etmişlər (Mir Müsəvvir – “Ənuşirəvan və bayquşların söhbəti”, Ağamirək İsfahani –“Məcnun vəhşi heyvanlar arasında”, Sultan Məhəmməd –“Bəhram-Gurovda” və s.). Azərbaycan sənətkarlarından M.Mirqasımov, Q.Xalıqov, Ə.Kazımov və başqa Animalistik janrda əsərlər yaratmışlar.