Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antivitaminlər
Antivitaminlər – quruluşca vitaminlərlə eyni olan, lakin tamamilə əks bioloji təsir göstərən, habelə vitamin molekullarının strukturunu dəyişdirməklə onların təsirini aradan qaldıran maddələr. Quruluşca vitaminlərlə eyni olan maddələr hüceyrəyə daxil olaraq vitaminlərlə rəqabətə girir (kofermentlərin biosintezində və fermentlərin əmələ gəlməsində) və fermentlərin strukturunda vitaminlərin yerini tutur, lakin onların funksiyasını yerinə yetirmir. Bununla əlaqədar olaraq vitamin çatışmazlığı əlamətləri inkişaf edir. Antivitaminlərə, həmçinin vitaminlərlə birləşən və ya onları parçalayan maddələr (tiamini parçalayan I və II tiaminaza; biotinlə birləşən yumurta zülalı – avidin və s. də aiddir. Bəzi antivitaminlər antimikrob və ya kanserostatik təsirə malik olduqları üçün onlardan kimyəvi müalicə vasitəsi kimi istifadə olunur. Məs., bədxassəli şişlərin müalicəsində istifadə olunan metatreksat fol turşusunun antaqonistidir; vərəm əleyhinə istifadə olunan bir çox preparatlar (ftivazid, izoniazid, saluzid) B6 vitamininin aktivliyini itirir. Antivitaminlər vitaminlərin analoqu olub, antikoferment təsir göstərir. Ainivitaminlər vitaminlərin törəmələri olan kofermentləri əvəz edir və beləliklə, onların çatışmazlığı fermentativ reaksiyaların funksiyasını yerinə yetirmir. Başqa sözlə, antivitaminlərə vitaminlərin orqanizmdəki təsirini zəiflədən maddə kimi baxmaq olar.