Qalatəpə
Qalatəpə şəhər məskəni — Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Qarqarçayla qədim Gavurarxın kəsişdiyi strateji əhəmiyyətli təbii yüksəkliyin üzərində yerləşir və 26 hektara yaxın sahəni əhatə edir. Bu ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Vtiya) vilayətinə daxil idi.
İki eranın qovşağında yaşamış yunan coğrafiyaşünası Strabon həmin vilayətdəki iki şəhər haqqında məlumat verir: Ayniana (yaxud Enian) və Anariaka. “Coğrafiya” əsərində Strabon yazır: “...aynianlar Vtiyada ətrafı hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır, deyirlər burada yunan silahı, mis qablar və qəbirlər göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanların qeybdən xəbər verən məbədini göstərirlər” (Strabon, XI, 7,). Bu sözlərdən sonra Strabon Selevki sərkərdəsi Patrokola istinad edir. Məlumdur ki, Xəzər dənizinin tədqiqi üzrə ilk ekspedisiya e.ə. 283-282 -ci illərdə məhz onun rəhbərliyi altında təşkil olunmuşdur. Buradan isə belə qənaətə gəlmək olar ki, Ayniana – Enian ən azı hələ e.ə. III əsrin başlanğıcında bir şəhər kimi mövcud idi. Enian haqqında bəhs edən tədqiqatşı R.S.Məlikov bu şəhərin xan və ya xanxani adlı alban tayfaları tərəfindən inşa olunması ehtimalını irəli sürür(11, s.124-125).