Mirzə Məhəmmədəli Müzəhhib İsfəhani
Mirzə Məhəmmədəli Müzəhhib İsfəhani (İsfahan – 1852) — İran ədəbiyyatşünası, təzkirəçisi, şairi.
Qacar dövrünün tanınmış şair və yazıçılarından olmuş Mirzə Məhəmmədəli Müzəhhib İsfahani (vəfat tarixi: h. 1268-ci ildən (m. 1851–1852) sonra) gəncliyində "Bahar" yaşlı çağlarında "Fərhəng" təxəllüsü ilə əsərlər yazmış, İsfahan şəhərində yaşamışdır. Onun ata-baba sənəti Qurani-Kərimi təzhib etmək (qızıl suyuna çəkmə, bəzəmə) olmuşdur. Yazıçı bu sənətin ustası olduğuna, dolanışığını bu yolla təmin etdiyinə görə "Müzəhhib" adlanmışdır.
M. Müzəhhib Məhəmməd şah Qacar dövründə İsfahan hakimi Mötəmədüddövlə Mənuçehr xan Gürcinin mədhinə 20000 beyt həcmində şeirlərdən ibarət "Mədayehül-Mütəmədiyyə" adlı kitab yazmışdı. Bu kitaba görə şairə paxılllıq edənlər, onu gözləri götürməyənlər belə bir şayiə yaydılar ki, guya o, öz kitabındakı şeirlərini Seyid Hüseyn Məcmər Zəvareinin divanından intihal etmiş, mənimsəmişdir. Deyilənlərə görə, bundan çox kədərlənən, o zaman "Bahar" təxəllüslü şair düşmənlərindən qisas almaq üçün "Yəxçaliyyə" təzkirəsini yazmışdır.
Qacarlar hakimiyyətinin son dövrünün sufiməslək Azərbaycan şairi və yazıçısı Əsrar Əli Şah Təbrizi özünün "Behcətüş-şüəra" və "Hədiqətüş-şüəra" adlı təzkirələrini yazarkən Müzəhhib İsfahaninin "Yəxçaliyyə"sindən təsirlənmişdir.