Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təndirxana
Keçmişdə kənd əhalisinin hamısı, şəhər əhalisinin isə bir qismi çörəyi özü bişirirdi. Bu səbəbdən də, hər bir ailədə müxtəlif növ çörəkbişirmə vasitələrinə təsadüf edilirdi. Bunların arasında təndir və sac daha kütləvi səciyyə daşımışdır.Təndiri yağmurdan qorumaq üçün onun üzərində, adətən, talvar tikirdilər. Yanğın ehtimalına qarşı, bir qayda olaraq, təndirxananı həyətin samanlıq, ot tayası yerləşən mal məhəlləsinin əks qütbündə tikirdilər. Meyvəçiliklə məşğul olan kəndli həyətlərində "çörək təndiri"ndən əlavə, bir neçə ədəd "meyvə təndiri" də düzəldilirdi. Meyvə qurudulan təndir çörək təndirindən xeyli böyük qurulurdu. Təndirxananı dörd ədəd haça (basdırma) dirək üzərində tikirdilər. Haçaların başına bir cüt yoğun tir atandan sonra onların üzərinə nazik pərdilər düzüb üstünü «laş» və ya «carcı» adlanan şax-şüvəl ilə örtür, ən nəhayət axırda onun yastı damını torpaqlayırdılar. Təndirxanada təndirdən əlavə xörək və ya sac çörəyi bişirmək üçün açıq ocaq da qurulurdu. Yay mövsümündə, adətən, xörəyi açıq ocaqda hazırlayır, yaxud çay qaynadırdılar.