Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi — Azərbaycan Respublikasının Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən örtülü arxeoloji turizm kompleksi.
XVIII əsrdə əhalisinin sayına görə Ağsu Azərbaycanın ən böyük şəhəri olub. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu qəsəbəsi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə çox əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar.
Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış, bəziləri isə uğur əldə edə bilməyərək kor-peşman geri qayıtmışlar. Ağsuda iki dəfə taun xəstəliyi yayılmış, xeyli insan bundan vəfat etmişdi. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi.
Orta əsr Ağsu şəhərinin ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 40 hektar sahəni əhatə edir.