Bülbül (müğənni)
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı.
== Həyatı ==
Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.
1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur.
Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.