Arif Buzovnalı
Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı; 6 sentyabr 1972, Buzovna) — şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri
Arif Buzovnalı 1972-ci ildə 6 sentyabr tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989 cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.
Arif Buzovnalının ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir “Azərbaycan Gəncləri” qəzetində çap olunub.
Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, həmçinin “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib.
2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” Beynəlxalq şeir müsabiqəsinin qalibi olub.
2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi olmuşdur.