Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir.
== Təcrübə ==
Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər.
== Tarixi ==
Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır.
Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır.
Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.