Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilik- Azərbaycan Respublikası öz fəaliyyətinə başladığı dövrdə hərbi-siyasi şərait, Antantanın, Üçlər İttifaqı ölkələrinin və Sovet Rusiyasının qarşılıqlı təsirindən Xəzər bölgəsində yaranmış geosiyasi rəqabət özünəməxsus mürəkkəbliyi və gərginliyi ilə fərqlənirdi. 1918–1920-ci illərdə Avrasiyanın ən mühüm geosiyasi vəziyyətini dəyişdirən amillərdən birinə çevrilmiş Xəzər bölgəsinin qlobal hərbi-siyasi hadisələrini və dünya ölkələrinin hərbi-strateji inkişafına əsaslı təsir göstərmişdir.
1917-ci il Fevral inqilabı Rusiya imperiyasını kökündən silkələyən ən böyük sosial-siyasi kataklizm olmuşdur. Oktyabr bolşevik çevrilişindən sonra keçmiş nəhəng imperiyanın ərazisində vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin – Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta Şərqdə Xəzər bölgəsində öz nəzarətini yaratmaq uğrunda geosiyasi mübarizə daha da güclənmiş və yeni vüsət almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar rolu oynayırdı, müharibə ərəfəsində Bakı Rusiya imperiyası neftinin dörddə üç, dünya neftinin 15 faizini verirdi. Xəzər dənizinin ən böyük limanı sayılan Bakını tutmaq Xəzər dənizinin bütün akvatoriyasını tam nəzarət altına almaq üçün geniş imkanlar açırdı. Həm də Bakıda onlarla Neftayırma zavodu və digər böyük sənaye müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların – dəmir yolunun, şose və torpaq yollarının Azərbaycan ərazisindən keçməsi Xəzər Hərbi Donanmasının Bakıda yerləşdirilməsi üçün mühüm hərbi-strateji amil hesab edilirdi. Bu bölgənin işğal olunması nəinki Qafqazın, hətta Rusiyanın cənubunun bütün təsərrüfatı, iqtisadi həyatı üçün çox ciddi təhlükə yaradırdı.
Bakı elə bir gözəldir ki, hər bir xarici sərgüzəşt axtaran onu öz doğma evimizdən oğurlamaq istəyir — həmin dövrdə keçmiş RSFSR-in xarici işlər üzrə xalq komissarı Q.V. Çiçerin belə bir ifadə ilə neft şəhərinin beynəlxalq əhəmiyyətini obrazlı xarakterizə etmişdir. Onun siyasi əleyhdarı general A.İ. Denikin xüsusilə qeyd etmişdir ki, Bakı nefti daha çox Avropa və Asiya siyasətçilərinin ağıl və diqqətlərini möhkəm cəlb etmişdir. Yazdan etibarən (1918-ci il – müəllif) çox kəskin yarışlar başlamış və müharibə sahəsində qovhaqov düşmüş və son məqsəd naminə Bakını tutmaq üçün ingilislər Ənzəlidən, Nuru paşa Azərbaycandan və almanlar isə Gürcüstandan yürüş etmişlər. 1918-ci ilin yazında yaranmış hərbi-siyasi şərait imkan vermişdir. Bu fonda Cənubi Qafqazda Rusiyanın mövqeyi əsaslı şəkildə zəifləmişdir. Nəticədə Rusiya özünün keçmiş ordu hissələrini Qafqaz cəbhəsindən çıxarmış, 3 mart 1918-ci ildə Brest-Litovskda alman-sovet müqaviləsi bağlandıqdan sonra bölgədə milli azadlıq hərəkatı daha da güclənmişdir. Bir tərəfdə Almaniya və Türkiyə, digər tərəfdə isə İngiltərə və başqaları bir-birinə qarşı mübarizə aparırdılar. Onlardan hər biri Bakıda və Xəzər hövzəsində möhkəmlənmək uğrunda qızğın mübarizə aparır və uzaq geosiyasi məqsədlərini güdürdülər. Belə bir faktı qeyd etmək lazımdır ki, hətta bir hərbi bloka daxil olan Almaniya və Türkiyənin mənafeləri bu bölgədə eyni deyildi və onların qarşılıqlı əlaqələrində açıq rəqabət elementləri müşahidə olunurdu. Türkiyənin Hərbi Komandanlığı tərəfindən Xəzər dənizi sahillərinə çıxmaq üçün Vladiqafqazı və Bakını tutmaq planlaşdırılırdı ki, bu da Qafqazın bütün müsəlman xalqlarını və Türküstanı birləşdirməyə geniş imkan verirdi. Bu dövrdə şəraitin özünəməxsus müxtəlifliyi ondan ibarət idi ki, müttəfiqlərdən Almaniya öz növbəsində Türkiyənin Xəzər dənizinə çıxmaq və onun qərb sahillərini, Bakını tutmaq planına çox qısqanclıqla yanaşırdı. Bakını tutmaq Almaniya ordusu komandanlığının strateji planlarına daxil edilmiş və baş qərargah rəisi E. Lüdendorfun şahidliyinə görə bu məqsədlə 1918-ci ilin yayında Bakıya hücum hazırlığı üçün süvari briqadası və bir neçə tabor göndərilmişdi. Almanların bu bölgədə planı bununla məhdudlaşmırdı, çünki onlar Bakını tutduqdan sonra öz qüvvələrini İranın şimalında ingilislər tərəfindən nəzarət edilən Ənzəli limanına göndərməyi, sonra İraqa və Bəsrə rayonuna soxulmaqla İran körfəzinə çıxarmağı nəzərdə tuturdular. Bu da Orta Şərqdə İngiltərənin mövqelərinə güclü zərbə endirmək demək idi. 1918-ci il may ayının sonlarında Gürcüstanda möhkəmlənmək almanlara müyəssər olmuşdu, lakin qüvvələrin çatışmazlığı ucbatından Qafqazda və Qərb cəbhələrində vəziyyətin kəskinləşməsi almanlara öz planlarını həyata keçirmək imkanı verməmişdi. Belə ki, onlar bu dövrdə öz qüvvələrini Güney Qafqaza gətirməyə (iki diviziya və bir neçə alay) və Bakıya hücum əməliyyatında iştirak etməyə çatdıra bilmədilər. Biz ordunun gətirilməsini başa çatdırana qədər Nuru Bakını tutdu, – deyə Lüdendorf təəssüflənirdi, – Bolqarıstanda davam edən sonrakı hadisələr bu hərbi hissələri Rumıniyaya göndərməyə məcbur etdi. Sözügedən mərhələdə Almaniya və Türkiyənin əsas rəqibi kimi bölgədə İngiltərə çıxış edirdi. Qara dənizdən Xəzər dənizinədək olan Batum-Bakı dəmiryol xətti üzərində türk-alman hökmranlığının yaranması, beləiklə də Xəzər dənizi sahillərində həddindən artıq qiymətli Bakı neft mədənlərinin, Qafqaz sıra dağlarının təbii sərvətlərinin, külli miqdarda taxıl ehtiyatının və pambığın müttəfiqlərin əlinə keçirilməsi imkanları haqqında fikirlər Britaniya hökumətini qorxuya salmışdı. Qeyd etmək lazımdır ki, Birinci Dünya Müharibəsi illərində Bakı neft sənayesinə qoyulmuş kapital yığımının 60 faizi İngiltərənin payına düşürdü.
İngiltərə XVIII əsrdə Xəzər dənizi hövzəsində möhkəmlənməyə cəhd etmişdi. Bu barədə Londonun Tayms qəzeti xatırlatmışdır: Xəzər elə bir qovuşuqdur ki, bütün ən mühüm ticarət yollan buradan keçir. Əgər biz bu mühüm dənizə indi birbaşa diqqət yetirməyə başlamışıqsa, bu о demək deyil ki, onun ticarət və siyasi əhəmiyyəti haqqında əvvəllər biz heç nə bilmirdik. Bu barədə biz çoxdan bilirdik. Xəzər ən qədimdən etibarən Britaniyanın maraq dairəsində olmuşdur. İngiltərənin əvvəlki planlarının Xəzər bölgəsində həyata keçirilməsi üçün Rusiyada baş verən hadisələr, vətəndaş müharibəsinin törədilməsi və Qafqazda milli hərəkatın geniş vüsət alması real imkanlar yaratmışdı. 23 dekabr 1917-ci ildə Parisdə İngiltərə və Fransa arasında bağlanmış müqavilənin gizli şərtlərinə görə Rusiya hərəkət zona larına bölünmüşdür. İngiltərənin payına Don, Qafqaz, Türküstan düşmüşdür. İngiltərə kabineti Bakıya və Xəzər bölgəsinə böyük hərbi, siyasi və iqtisadi əhəmiyyətə malik olduğuna görə xüsusi diqqət yetirirdi.1917-ci ilin dekabrında İngiltərə kabineti Bakıya və Güney Qafqaza müdaxiləçi ordu göndərmək barədə qərar qəbul etmişdi.
Öz növbəsində Britaniyanın Hindistandakı və Orta Asiyadakı ordusunun ali komandanlığı Bakının hərbi-strateji, siyasi və iqtisadi cəhətdən əhəmiyyətini xüsusi qeyd edərək onu Mərkəzi Asiyaya və Yaxın Şərqə açılan qapıların açarı kimi qiymətləndirmişdir. Habelə hər vəchlə səy göstərmişdir ki, Almaniya və Türkiyə orduları Bakı neftinə və ümumiyyətlə, Xəzərin qərb sahillərinə yaxın buraxılmasın. Şimali İranda yerləşən Britaniya ordusunun keçmiş komandanı general-mayor Layonel Denstervil öz xatirələrində yazmışdır:Bizim planımız Xəzər dənizi üzərində üstünlüyə nail olmaq idi, ancaq biz bu məqsədə yalnız Bakını işğal etməklə çata bilərdik, deməli, şəhəri başqalarının işğalından müdafiə etmək vacib sayılırdı (Türkiyə ordusu nəzərdə tutulurdu – müəllif). Bakının əhəmiyyəti çox böyükdür və onu ələ keçirmək üçün göstərilən hər bir cəhd özünü doğruldar. 1918-ci ilin əvvəllərində ingilislər tərəfindən Bağdadda sözügedən planın həyata keçirilməsi üçün xüsusi məxfi şəraitdə çox da böyük olmayan, ancaq seçmə dəstələr, 41 ədəd Ford markalı minik və yarımyük avtomobilinə mindirilmiş hərbi ekspedisiya hazırlanmışdı. Bu dəstə əvvəllər Hindistanda birinci piyada briqadasının komandiri vəzifəsində xidmət etmiş rəhbərin adı ilə Denstervil Forsez adlandırılmışdı. İngilislər 1918-ci ilin yayında Şimali İranın Ənzəli limanını tutaraq güclü şəkildə hazırlaşırdılar. Əgər Bakıda bolşeviklərin əleyhdarı olan sağ eser-menşevik-daşnak bloku çevriliş edə bilsəydi, (Denstervil onlarla daim əlaqə saxlayırdı), onda öz qoşunlarını buraya çıxarmalı idilər. Sonralar ingilis generalı yazırdı: Bakı ilə mənim əlaqəm, demək olar ki, hər gün kuryer vasitəsilə qaydaya salınmışdı. Bizim dostumuz olan sosialist-inqilabçılar, mənə elə gəlir ki, yaxın vaxt ərzində dövlət çevrilişi etmək, yəni bolşevik hakimiyyətini devirmək, Bakıda yeni idarə forması yaratmaq və ingilisləri köməyə çağırmaq imkanına malikdirlər. İngilis generalı ilə eyni zamanda ermənimilli şurasının nümayəndələri də əlaqə yaratmışdılar. Onlar 1918-ci ilin yayında həm Bakıya hücum edən türk-azərbaycanlı Qafqaz İslam Ordusu, həm də alman ordusunun komandanlığı ilə danışıqlar aparmaq üçün vəziyyəti yoxlayırdılar. 1918-ci ilin yaz və yayında Bakıda fəaliyyət sahəsini daha da genişləndirmiş Britaniya kəşfiyyatçıları –konsul A. Mak-Donell, R. Tiq-Cons, Stoks, Klaterbak, Roulinqson və başqaları Bakı Soveti Xalq Komissarlığında müxalif siyasi qüvvələrlə əlaqə saxlayırdılar. 1918-ci il iyun ayının ortalarında Bakıda Xəzər hərbi donanmasının iştirakı ilə çevriliş etmək cəhdini ingilis konsulu Mak-Donell gizli müdafiə etmişdi. Lakin dənizçilər sui-qəsdçilərə kömək etməmiş və çevriliş cəhdi müvəffəqiyyətsizliyə uğramışdı. 1918-ci ilin yayında ingilislər Xəzər dənizi üzərində öz nəzarətini yaratmaq üçün fəaliyyətlərini gücləndirirdilər ki, bu da Xəzər bölgəsində onların hərbi-strateji planlarında xüsusi yer tuturdu.Britaniyanın hərbi naziri A. Milner 1918-ci ilin iyununda Mesopotamiyadakı ingilis ordusunun komandanlığına məlumat vermişdi ki, Əlahəzrətin hökuməti Xəzər üzərində daimi nəzarətin saxlanmasına mühüm əhəmiyyət verir. Həm də ingilislər belə hesab edirdi ki, dəniz üzərində nəzarət kimə məxsusdursa, о da Bakıya sahib olmalıdır. L. Denstervil və U. Mallesonun hərbi ekspedisiyasının qarşısında qoyulan əsas tapşırıq da bununla əlaqədardır. Odur ki, onlar Xəzər dənizinin ən böyük limanlarını – Ənzəli, Bakı və Krasnovodsku (indiki Türkmənbaşını) işğal etməli və bütövlükdə Xəzər donanmasını ələ keçirməli idilər. Birincisi, bu imkan verərdi ki, onların barışmaz rəqibi olan Almaniya və Türkiyənin Yaxın və Orta Şərqdə mövqeyi əsaslı şəkildə zəifləsin, türk-alman ordusunun İranın qərbindən keçməsinin və Xəzər vilayətləri vasitəsilə Xorasana və Hindistana yürüşlər etməsinin qarşısı alınsın. İkincisi, Şərqdəki müstəmləkələrinə Sovet Rusiyasından gözlənilən real inqilabi bolşevik təhlükəsinin qarşısı alınardı. Və nəhayət, üçüncüsü, Xəzər dənizi üzərində nəzarətin yaradılması ingilislərə imkan verərdi ki, öz qoşunlarının cinahlarını Güney Qafqazda və Türküstanda təmin etsin və beləliklə də Şimali Qafqazda ağqvardiyaçı general Denikinin və Uralda admiral Kolçakın ordusu ilə əlaqə yaratsın, onların Volqa çayının mənsəbində birləşməsini təmin etsin və bu yolla Rusiyanın bütün cənub tərəfinin mərkəzi rayonlarla əlaqəsini kəssin.
Sovet Rusiyası Bakıya və bütövlükdə Xəzər dənizi bölgəsinə çox mühüm əhəmiyyət verirdi. Sovet hökumətinin başçısı V. İ. Lenin 1918-ci il mart ayının ikinci yarısında Kremldə Amerikanın Qırmızı Xaç Cəmiyyətinin Rusiyadakı hərbi missiya rəhbəri polkovnik R. Robinski ilə söhbətində qeyd etmişdir: Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir ? Bu, neft, işıq və enerjidir. Bu dövrdə Azərbaycanın Xəzəryanı qəzalarına nəzarət edən və Bakı quberniyasını RSFSR-in tərkib hissəsi elan edən Bakı Soveti Xalq Komissarlığına hərtərəfli, о cümlədən hərbi yardım göstərilməsi yolu ilə bolşevik hökuməti gələcəkdə Güney Qafqazı bütövlükdə öz təsiri altına almaq üçün Bakını əməliyyat meydanına çevirməyi planlaşdırmışdır. Sovet hökuməti bu bölgəyə böyük əhəmiyyət verərək Xəzər dənizində öz hərbi donanmasının təhlükəsizliyini gücləndirmək və təmin etmək məqsədilə bir sıra təcili tədbirlər görmüşdür. V. Lenin Xalq Komissarlığına göndərdiyi teleqramda qeyd etmişdir ki,Cənub və Xəzər uğrunda mübarizə gedir. O, təkidlə tələb edirdi ki, Xəzər dənizinə sualtı qayıqlar və minadaşıyanlar göndərsinlər. Bu dövrdə Həştərxanda yerləşən sovet donanması yalnız Xəzər dənizinin şimal akvatoriyasına nəzarət edirdi. Bolşeviklərlə eserlər arasında gedən siyasi mübarizə Həştərxan və Xəzər donanmasının hesabına hərbi-dəniz qüvvələrini gücləndirməyə imkan vermirdi. Həm də hərbi-siyasi vəziyyətin mürəkkəbləşməsi Cənub və Şərq cəbhələrində ağqvardiyaçıların fəallaşması və Qızıl Ordunun müvəffəqiyyətsizliyi ilə əlaqədar idi. Bu da həmin dövrdə Sovet hökumətinin Güney Qafqazda yeganə müttəfiqi olan Bakı Kommunasına 1918-ci ilin yayında kifayət qədər səmərəli yardım göstərməyə imkan verməmişdi. F. Xoyskinin rəhbərlik etdiyi milli hökumətin əsas səyi ölkənin bütün ərazisində, xüsusilə onun paytaxtı olan Bakıda suverenliyin qurulmasına yönəldilmişdi. Burada Azərbaycan Respublikasının və Türkiyənin maraqları tamamilə üst-üstə düşürdü ki, bu da 4 iyun 1918-ci ildə Batumi şəhərində bağlanmış sülh və dostluq müqaviləsində öz əksini tapmışdı. Müqaviləyə görə Türkiyə yeni yaranmış respublikaya hərtərəfli kömək göstərməyi, hətta həmin müqavilənin 4 maddəsinə əsasən lazım gəldikdə hərbi yardım etməyi də öz öhdəsinə götürmüşdü. Bu tapşırığın yerinə yetirilməsi yalnız 1918-ci ilin iyun ayında general-leytenant Nuru paşanın komandanlığı altında Gəncə şəhərində birləşmiş türk-azərbaycanlı Qafqaz İslam Ordusu yaradıldıqdan sonra mümkün olmuşdur. Bakını ələ keçirdikdən sonra türk ordusunun komandanlığı gələcəkdə Xəzər dənizinin qərb sahili boyunca Şimali Qafqaza doğru hərəkət etməyi planlaşdırmışdı. Bu dövrdə türklərin müttəfiqi olan almanlar belə bir plan təklif etmişdilər ki, öz hərbi hissələrinin köməyi ilə 1918-ci ilin iyun-iyul aylarında Bakıya hücum edən türk birləşmələrinin arxa cəbhəsini təmin etsinlər. Əgər bu plan həyata keçirilərsə, onda almanlar Zaqafqaziyada mühüm strateji əhəmiyyəti olan dəmiryol üzərində öz nəzarətini yaratmağı nəzərdə tutmuşdular. Lakin türklər öz müttəfiqlərinin planını duymuş və rədd cavabı vermişlər. Belə bir məlumatı onların nəzərinə çatdırmışlar ki, Bakını ələ keçirmək üçün türklərin kifayət qədər ordusu vardır. Almanlara Bakı ətrafında türklərin uğursuzluğa uğrayacağına gizli ümid etməkdən başqa heç nə qalmamışdı. Tiflisdəki baş konsul qraf F. Fon Şulenburq Berlinə göndərdiyi 1918-ci il 4 iyul tarixli məlumatında qeyd edirdi ki, türklərin, ümumiyyətlə, Bakını ala bilməsi təəccüb doğurur, ehtimal ki, bu arzu olaraq qalacaq, onlar orada qəti məğlubiyyətə uğrayacaqlar. Alman diplomatı belə hesab edirdi ki, əgər biz bolşeviklərlə sevimli bir üsul vasitəsilə razılaşa bilsək, onda Bakının neft mənbələri və oradakı bütün ehtiyatlar tamamilə bizim əlimizə keçə bilərdi. Əgər bolşeviklər gözlədiyimizin əksinə olaraq şəhəri tərk etməyə məcbur olsalar, elə həmin vaxt bütövlükdə şəhəri yandıracaqlar ki, nə türklər, nə də biz neft ehtiyatından istifadə edə bilək. Sonrakı hadisələr göstərdi ki, alman diplomatının ehtiyat etməsi əsassız imiş. Çünki Bakı bolşevikləri sonuncu qəti tədbirə əl atmadılar. Həmin vaxt 1918-ci ilin iyun-iyul ayları ərzində Kürdəmir, Qaraməryəm, Müsüslü və Göyçay ətrafında Qafqaz İslam Ordusu ilə Tiflis istiqamətində hərəkət edən şəxsi heyətin 70 faizi erməni millətindin olan Qafqaz Qızıl Ordusu arasında çox güclü döyüşlər aparılmışdı. Bu döyüşlərdə Qafqaz İslam Ordusunun böyük müvəffəqiyyəti nəticəsində Qafqaz Qızıl Ordusu Bakıya geri oturdulmuşdu. Qafqaz Qızıl Ordusunun cəbhələrdə düçar olduğu müvəffəqiyyətsizliklər Bakıda hakimiyyət dəyişikliyinə gətirib çıxarmışdı və beləliklə avqustun 1-də hakimiyyət sağ eser, menşevik və daşnaklardan formalaşmış koalisiya hökumətinin – Sentrokaspi diktaturası, Fəhlə və Əsgər Deputatları Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyətinin əlinə keçmişdi. Koalisiya hökuməti şəhəri mühasirəyə almış Qafqaz İslam Ordusundan müdafiə etmək məqsədilə əvvəlcə olan rəsmi danışıqlara görə ingilisləri dəvət etmişdi. Artıq avqustun 4-də ingilis ordusunun Ənzəlidən gələn 150 nəfərlik ilk dəstəsi şəhərə çıxarılmış, avqustun 6-da isə buraya yeni 130 nəfər əsgər və zabit, həmçinin 2 zirehli maşın gətirilmişdi. Avqustun 17-də isə Prezident Krüger paroxodunda general Denstervil öz qərargahı ilə birgə Bakıya gəlmişdir. Bütövlükdə Bakıya ingilis dəstələrinin tərkibində Gent və Şimali Stafford alayları, Varvik və Uoçer taborları, digər hərbi hissələr, о cümlədən cəmi mindən bir az çox süngü, 16 top və bir neçə zirehli maşın gətirilmişdi. Habelə kommodor D. T. Norris 180 nəfər matros və bir neçə 4 düyümlü topla Denstervilə köməyə gəlmişdi. Böyük Britaniya Krallığının hərbi-dəniz qüvvələrinin Xəzər dənizində təyin olunmuş kommodoru Norris Bakıya gələn kimi bəyan etmişdi ki, ingilis dəniz komandanlığı Həştərxanda toplanmış qırmızı qüvvələrə qarşı aparılan əməliyyatların məsuliyyətini və Ural cəbhəsinin dənizlə düzgün təmin olunmasını öz üzərinə götürür. Eyni zamanda Aşqabad eser hökumətinin başçısı Funtikovun dəvəti ilə başqa bir ingilis hərbi dəstəsigeneral U. Mallesonun komandanlığı altında 1918-ci ilin avqustunda Xəzəryanı vilayəti işğal etmişdi. 19 avqust 1918-ci ildə yerli eser hökumətinin razılığı ilə imzalanmış sazişə görə, Krasnovodsk limanı üzərində tam nəzarət və burada olan bütün gəmilər ingilislərin əlinə keçməli idi. [24. 334] Bununla belə Qafqaz islam Ordusu tərəfindən 1918-ci il iyulun 30-dan sentyabrın ortalarına qədər Bakının mühasirəsi davam etmişdi. Həm də Xəzər hərbi donanması gəmilərinin dənizdən türk ordularına atəş açmaq imkanı türk komandanlığını çox həyəcanlandırırdı. İngilislərin şəhəri müdafiə etmək cəhdləri heç bir nəticə verməmişdi. "Sentrokaspi diktaturası"nın daşnak nəzarəti altında olan erməni millətinin nümayəndələrindən təşkil edilmiş ordu hissələri heç də güclü hərbi potensiala malik deyildi.Buna baxmayaraq erməni hərbi hissələri dinc azərbaycanlı əhali arasında azğınlıq edir, terror və qarətlə məşğul olurdular. Dinc azərbaycanlı əhali isə öz növbəsində xilasedicini – Qafqaz İslam Ordusunu gözləyirdi. İngilislərin Port-Petrovskda yerləşmiş müttəfiqi, kazak qoşun çavuşu L. Biçeraxov Denstervilə kömək üçün yalnız 10 top və 500 nəfər terek kazakı göndərmişdir. Yalnız yüksək hərbi təlimə və dözüm hesabına ingilis ordusunun döyüşən hissələri bir ay ərzində şəhərin müdafiəsini saxlaya bilmişdi. Belə bir faktı da qeyd etmək kifayətdir ki, ordu komandanlığının verdiyi məlumata görə, şəhərin girəcəyində gedən döyüşlərdə ingilis hərbi hissələrinin tərkibindən 180 nəfər həlak olmuş, yaralanmış və itkin düşmüşdür. Bu, şəxsi heyətin 20 faizini təşkil edirdi. Lakin aydın idi ki, bu qüvvə şəhəri müdafiə etmək qüdrətində deyildi. Bunu hətta ingilis ordusunun ali komandanlığı da yaxşı bilirdi. Belə ki, Denstervilin adına Hərbi Nazirliyin göndərdiyi 6 iyul 1918-ci il tarixli teleqrama əsasən tapşırıq verilmişdi ki, əgər türklərin Bakını tutmaq təhlükəsi yaranarsa, onda neft kəməri, neft anbarları və neft vuran avadanlıqlar dağıdılsın, ancaq neft buruqlarına dəyilməsin. Çünki burada ingilis neft şirkətlərinin uzunmüddətli marağı qalmaqdaydı. İngilislər belə bir mühüm amili də nəzərə alırdılar ki, dünya müharibəsində Türkiyə tez bir vaxtda məğlub olacaq və daha yerlilərin, hətta etibarsız müttəfiqləri nin də qanının tökülməsini istəmirdilər. Sentrokaspi diktaturası"nın mane olmasına, Denstervili qəfil və təhlükəli hücum etməkdə günahlandırmasına, ingilislərin şəhəri tərk etməsi təqdirində Xəzər hərbi donanmasının gəmilərindən atəş açmaqla hədələməsinə baxmayaraq, ingilis generalı öz ordusunu Bakıdan geriyə – Ənzəliyə aparmaq üçün hazırlaşmağa başlamışdı Sentyabrın əvvəllərində Bakının həndəvərində yaranmış vəziyyət şəhər müdafiəçilərinin xeyrinə deyildi. Qafqaz İslam Ordusu uzunsürən və qanlı döyüşlər nəticəsində ingilisləri şəhər ətrafından sıxışdıraraq (həlledici hücuma hazırlaşmaq üçün burada 40 topla 10 min nəfərlik natamam 5-ci və 15-ci türk diviziyalarının hissələri cəmləşdirilmişdi) sentyabrın 14-də səhər tezdən ilkin artilleriya atəşindən sonra şəhərə hücuma başlamışdı. Bir gün ərzində türk ordusu tərəfindən "Qurd qapısı" deyilən yer alınmış və şəhərə yol açılmışdı. Sentyabrın 14-də axşam saat 11:30 radələrində ingilislər dörd nəqliyyat gəmisində dənizlə Bakıdan Ənzəliyə tələsik təxliyə olunmuşdular. Onların dalınca Sentrokaspi diktaturası nın hökuməti öz ordusunun qalıqları ilə birgə qaçmışdı. Yeri gəlmişkən, ingilis polkovniki Roudlinson nəqliyyat gəmisində Bakı artilleriya parkının ən yaxşı toplarını da aparmışdı.
Sentyabr ayının 15-də Qafqaz İslam Ordusu şəhərə daxil olmuşdu. Sentyabrın 17-də isə Azərbaycan milli hökuməti Gəncədən buraya köçmüşdü. Hərbi nazir Ənvər paşanın komandan Хəlil paşaya göndərdiyi təbrik teleqramında Xəzər dənizi sahillərində yerləşmiş Böyük Turan İmperiyası nın ən mühüm şəhərinin – Bakının ələ keçirilməsi münasibətilə öz böyük sevincini qeyd etmişdir. Türkiyə ordusu Bakını tutduqdan sonra hücumlarmı Xəzər dənizinin sahili boyunca davam etdirərək Dağıstana çatmışdı. 1918-ci il oktyabr ayının 6-da S. İzzət paşanın komandanlığı altında 15-ci türk diviziyası Dərbəndi ələ keçirmiş və bu əməliyyat zamanı türk ordusu tərəfindən A. Biçeraxovun ordusuna yardım göstərməyə cəhd edən Xəzər hərbi donanmasının iki hərbi gəmisi atəşə tutulmuş və sahildən uzaqlaşdırılmışdı. Noyabrın 8-də Türkiyə ordusu Port-Petrovskdan L. Biçeraxovun ordusunu sıxışdırıb çıxarmış və onun ordusu dənizlə İranın şimalında yerləşən ingilislərin yanına qaçmışdı. Lakin Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyə 30 oktyabr 1918-ci il tarixli Mudros müqaviləsinin şərtlərinə görə öz ordusunu tezliklə Qafqaz-Xəzər bölgəsindən, həmçinin Azərbaycandan da çıxarmalı idi. Başda Şimali İrandakı ingilis ordularının komandanı general-mayor V. M. Tomson olmaqla noyabrın 17-də səhər saat 10-da yenidən Bakıya üç silahlı hərbi gəminin müşayiəti ilə Ənzəlidən 17 nəqliyyat gəmisində 39 piyada briqadasının hissələri (ümumilikdə 1000 nəfər ingilis, 800 nəfər hind əsgəri və zabiti) gəlmişdi. İngilis generalı Bakıya yola düşməzdən əvvəl bu dövrdə müttəfiq dövlətlərin Azərbaycan Respublikasına münasibətini açıqlayaraq bəyanatla çıxış etmişdir. Həmin bəyanatda xüsusilə qeyd olunmuşdur ki,Bakı neft sənayesi ilə birgə işğal olunacaq, ancaq ölkənin qalan bütün ərazisi Azərbaycan hökumətinin və onun ordusunun nəzarəti altında qalacaq və Azərbaycan Paris sülh konfransının millətlərin öz müqəddəratını təyin etmək prinsipləri üzrə müzakirəsindən çıxarılmayacaqdır. Bəyanatda həmçinin qeyd olunmuşdur ki, Bakıya ingilis orduları ilə birlikdə L. Biçeraxovun hissələri də daxil olacaq, silahlı ermənilər isə buraya buraxılmayacaq. Britaniyanın Azərbaycanı işğal etməsinə müttəfiqlik ekspedisiyası donu geydirilmişdi. Belə bir faktı qeyd etmək kifayətdir ki, Prezident Krüger flaqman gəmisində dörd dövlətin – Britaniya, Rusiya, Fransa və ABŞ-nin bayraqları dalğalanırdı. ABŞ və Fransa orduları yox idi, ilk birinci iki dövlətin yalnız nümayəndələri vardı.
V. M. Tomson ilk bəyanatlarında birmənalı qeyd etmişdi ki, müttəfiq orduları Rusiya torpaqlarında dır və Qafqaza gəlmişlər ki, Rusiyanın Qara dənizlə Xəzər dənizi arasında yerləşən bu torpaqlarından ümumi təhlükəni uzaqlaşdırsınlar. İngilis generalının müraciətində qeyd olunurdu: Bu ərazi ilə əlaqədar olan bütün məsələlərin həlli barəsində qəti qərar qarşıda gələn sülh konfransında qəbul ediləcəkdir. İngilislər öz ordularının Xəzər dənizi bölgəsində gücləndirilməsinə xüsusi diqqət yönəltmişdilər. U. Çerçillin hərbi nazir kimi ilk imza etdiyi sənədlərdən biri 14 fevral 1919-cu ildə imperiya qərargahının rəisi Henri Vilsona göndərdiyi qeyddən ibarət idi. Həmin qeyddə hərbi nazir məlumat verməyi tələb edirdi ki, hazırda Bakı-Batumi dəmir yol xəttini əldə saxlayan ingilis silahlı qüvvələrinin həqiqi rolu və həmçinin Xəzər dənizi sahillərinə nəzarət edən ingilis hərbi-dəniz qüvvələrinin vəziyyəti necədir? Onlar özlərinin iştirakı ilə general Denikinin ordularına hansı səviyyədə yardım göstərirlər? Artıq sonrakı gün – fevralın 15-də hərbi nazir Baş Qərargahdan öz sorğusuna 25 səhifəlik Hərbi nöqteyi-nəzərdən müttəfiqlərin Rusiyada siyasəti haqqında qeydləri şəklində cavab almışdır. 1919-cu ilin yazında yalnız Bakıda ingilis hərbi kontingentinin tərkibində 3,5 minə yaxın ingilis əsgər və zabiti olduğu halda, həmin ilin yayında ingilis ordusunun şəxsi heyətinin ümumi sayı 5 minə çatdırılmışdı. Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini Britaniya neft müdiriyyətinə tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı. Lakin onlar ilk mərhələdə böyük çətinliklərlə üzləşməli oldular. İş onda idi ki, bir sıra gəmilərin, xüsusilə Ərdəhan və Qars gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: Ən böyük gəmilərdən Ərdəhan və Qars pis vəziyyətdədir. Artıq iş о yerə çatdırılmışdı ki, 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin.Qara dəniz ordusu nun baş komandanı general ser C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin London qəzet"inin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner – Ərdəhan və Qars gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) bolşevizmə meyil etməsinə görə 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. Matrosların Qars və Ərdəhan gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər. Nargin adası rayonundan Qars gəmisinə atəş açılsa da torpeda gəmidən yan keçmişdir. İngilislər tərəfindən bir çox matros həbs edilmiş, gəmilərin heyəti isə buraxılmışdı. Bu faktı nəzərə alaraq, Xəzər dənizində layiqli hərbi-dəniz qüvvələri yaratmaq üçün ingilislər 1919-cu ilin əvvəllərində Qara dənizdən Xəzər dənizinə dəmir yolu vasitəsilə torpeda aparatları ilə silahlanmış, həmçinin gəmilərin sahildəki atəş mövqeyini gücləndirən toplarla təmin olunmuş 13 qırıcı kater göndərmişdir.1919-cu il yanvarın 13-də Port-Petrovsk şəhərini tutduqdan sonra ingilislər Çeçen adasında (Dağıstan sahillərində) öz hərbi-dəniz aviasiya bazasını təşkil etmişdi. Artıq 1919-cu ilin yazında ingilislər sovet kəşfiyyatının məlumatına görə, Xəzər dənizində 100–120 mm çaplı 45 ədəd topla silahlanmış 18 böyük hərbi-dəniz vahidinə (5 yardımçı kreyser və 4 kanoner qayığı daxil olmaqla) malik idilər. İngilislər Bakı-Krasnovodsk-Ənzəli üçbucağı üzərində nəzarət yaradaraq Xəzər akvatoriyasında özlərinin bütün hərbi strateji üstünlükləri ilə bərabər tam hökmranlığını təmin etməyə ümid bəsləyirdilər. İngilis donanmasının əsas tapşırığı onun komandanı kommodor D. T. Norris tərəfindən müəyyən edilmişdi. О yazırdı: Biz Xəzər dənizinin şimal hissəsində yerləşən bolşevik qüvvələrinin, yerli bolşevizm təzahürlərinin və dənizdən bolşeviklərin çıxmasının qarşısını alırıq . İngilislər 1919-cu ilin birinci yarısında dəniz vasitəsilə Denikin və Kolçakın ağqvardiyaçı ordularını güclü şəkildə silahlandırır, neft məhsulları ilə təmin edirdi. Bundan başqa general Milnin məlumatına görə Britaniya ordusunun iştirakı həm də faydalı bir məqsədə – könüllü orduilə Qafqaz respublikalarının orduları arasında hərbi əməliyyatların qarşısının alınmasına xidmət göstərirdi. 1918-ci ilin axırlarında ingilislərin Azərbaycan Respublikasına münasibətində böyük siyasi dəyişikliklərin olması özünü göstərmişdi. 1918-ci il dekabrın 7-də bütün siyasi partiya və təşkilatların, milli azlıqda qalan xalqların nümayəndələrinin təmsil olunduğu Azərbaycan Parlamentinin açılışından və dekabrın 26-da F. Xoyskinin başçılığı ilə yeni Nazirlər Kabineti yaradıldıqdan sonra, dekabrın 28-də general Tomson yeni bəyanatla çıxış edərək Azərbaycanın koalisyon hökumətini tam müdafiə etdiyini, Azərbaycan hüdudlarında yeganə qanuni yerli hakimiyyətin olduğu nu bildirmişdi. 22 yanvar 1919-cu ildə müttəfiqlərin Cənubi Qafqazdakı birləşmiş ordusunun baş komandanı general Milnin Azərbaycan hökumətini tanımağını bir daha təsdiq etmiş və bununla əlaqədar qeyd etmişdir ki, Zaqafqaziya dövlətlərinin daxili işlərinə heç bir müdaxilə olmayacaqdır". Fevralın axırlarında Qafqaz-Kaspi hökumətinin, L. Biçeraxovun orduları Bakıdan çıxarılmış, erməni ordularının qalıqları ləğv edilmiş, 5 aprel 1919-cu ildə isə Azərbaycan ordusu Bakıya buraxmışdı.1919-cu ilin əvvəllərində Xəzər bölgəsinə nəzarət etmək uğrunda İngiltərə, Almaniya, Türkiyə və Rusiya arasında gedən kəskin geosiyasi rəqabət bölgədə İngiltərənin mövqeyinin güclənməsi ilə nəticələnmişdi. Bu amillər Azərbaycan Respublikası üçün müsbət nəticə doğurmuşdu. Həmçinin onu ağ – qırmızı Rusiya təcavüzündən müdafiə edərək, ölkənin müdafiə qabiliyyətini artırmaq, о cümlədən hərbi-dəniz qüvvələrini möhkəmlətmək üçün bir sıra tədbirlərin hazırlanıb həyata keçirilməsinə geniş imkanlar verirdi.[1]