Elyaz Babayev
Elyaz Babayev (Babayev Elyaz Piri oğlu; d. 26 yanvar 1947, Qafan) — azərbaycanlı alim, Texnika elmləri doktoru, professor. “Arobella Medical, LLC” şirkətinin prezidenti və təsisçilərindən biri.
== Haqqında ==
Elyaz Babayev 26 yanvar 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşdur. 1964-cü ildə Qafan şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olmuşdur. 1969-cu ildə bu ali məktəbin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bu ali məktəbdə əvvəlcə assissent, baş müəllim, sonra dosent və professor vəzifələrində çalışmışdır. 1972-ci ildə Moskva N.Bauman adına Ali Texniki məktəbin aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə "Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası" mövzusunda dissertasiya müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi tərəfindən qeydiyyatdan keçmiş və xüsusi diploma layiq görülmüş, “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu" adlı elmi kəşfin müəllifidir.