Epik növ
Epik növ (yun. έπος nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur.
Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən - bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.