Epikürçülük ya epikürizm — ellinizm dövrünün filosofu Epikür və onun ardıcıllarının təlimi.
M. ö. IV yüzilliyin sonu - VI yüzilliyin əvvəllərində Qədim Yunanıstanda Epikür "Epikür bağı" adlanan fəlsəfi məktəbin əsaslarını qoymuşdur ki, bu da gələcəkdə epikürçulük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermişdi. Bu məktəb öz inkişafında üç mərhələ keçmişdir:
Birinci mərhələyə Epikürün və onun ən yaxın dostlarının - Lampasklı Metrodor və riyaziyyatçı Poliyenin və Mitilenli Ermarxın yaradıcılığı aiddir.
İkinci mərhələ Epikür məktəbinin nümayəndələri Filonid, Afinalı Appllodor, Sidonlu Zenon, Lakonlu Demetriusdur. İnduktiv məntiq məsələlərini işləyib hazırlamış Qadaralı Filodemusdur.
Üçüncü mərhələ əsasən Roma qulldarlıq cəmiyyəti ilə bağlıdır. Bu dövrdə Gay Amafini və İtaliyaya köçmüş Qadaralı Filodem (antik atomistika təlimini Romada yaymışdır) fəaliyyət göstərmişlər. Roma epikürçülüyünün çiçəklənmə dövrü Lukretsininin yaradıcılığı ilə bağlıdır.
Epikür məktəbində demokratizm hökm sürmüşdür. Məktəbin nümayəndələri içərisində qadınlar və hətta qullar da var idi. Burada başlıca tədris metodu söhbətlər və yazışmalar olmuşdur. Epikürün və onun ardıcıllarının təşkil etdikləri "axşam yığıncaqlarında" fəlsəfi və siyasi mövzuda söhbətlər aparılırdı. Epikür məktəbi m.ö. I əsrin axırlarında imperator Domisianus tərəfindən bağlanmışdı. Lakin eikürçülərin təlimi davam etmişdir. İmperator Markus Avrelius II yüzilliyin ikinci yarısında Epikür məktəbini bərpa etmişdi. Epikürçülüyun geniş yayılması onun təhrifinə də səbəb olmuşdur. Yuxarı təbəqələrin nümayəndələri epikürçülüyü qeyri-məhdud həzz almağa çağırış kimi başa düşürdülər. Şairlərdən Horatsius, Vergilius, Ovidius da epikürçülüyün təsiri altında olmuşlar. Lukian vulqarlaşdırılmış epikürçülüyə qarşı çıxmışdır.
Epikürçülüyə görə fəlsəfə insanı təbiət qanunlarını bilməməkdən irəli gələn və fövqəl təbii qüvvələrə inanmağa gətirib çıxaran qorxunu aradan götürməklə xoşbəxt etməlidir. Epikürçülük atomistik, xüsusilə etik prinsip kimi yayılmışdır. Epikürçüliyə görə həzz bütün canlıların təbii məqsədidir. Ən yüksək həzz dostluq və bilikdir. Bunların sayəsində həyəcan keçirməyən ruh və fərdi azadlıq, istər xarici aləm təsirlərindən, istərsə də ehtiraslardan asılı olmamaq vəziyyəti təmin edilir. Epikürçülük cəmiyyəti həzzə can atan, bir-birinə yamanlıq etməmək haqqında sazişə gələn ayrı-ayrı fərdlərin məcmusu hesab edir. Bu təlimin quldarlıq cəmiyyətinin ali təbəqələrini təmsil edən nümayəndələri onu hissi həzlərin təbliği kimi başa düşmüşlər. Xristiyan kilsəsi epikürçülüyü əxlaqi pozğunluqla eyniləşdirirdi. Yeni intibah dövrü isə onu atomistik təlim kimi dərk etmişdir. Bu özünü XVII-XVIII əsr materialist maarifçi fəlsəfədə də göstərməkdədir. Etik prinsip kimi epikürçülüyün ilk forması antik evdemonizmə yaxın idi. İntibah dövrü filosofları, fransız maarifçiləri onu hedonizm ruhunda şərh etmiş, hissi həzzləri başlıca sayan təlim kimi qiymətləndirmişlər.
Epikürçülük ellinizm və Roma dövrlərində ən yayılmış fəlsəfi cərəyanlardan biri olmuşdur. Onun yaranması Epikürün (yun. Ἐπίκουρος, m. ö. təxminən 342 – 270) adı ilə bağlıdır. O, Samos adasında anadan olmuş və daha sonra Afinaya gedərək orada “Bağ” (yun. Κῆπος) adlanan öz fəlsəfi məktəbini yaratmışdır[1]. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır.
Epikür təliminin məqsədi insanlara xoşbəxtliyin əldə olunması və qorxu hissindən aşma yollarını göstərmək idi. Bunun üçün də o, əfsanələrə inanmamağa və təbiəti dərk etməyə çağırırdı. Beləliklə, Epikürün və onun ardıcıllarının fəlsəfəsi fizika, kanonika və etikadan (əxlaqdan) ibarət olmuşdur[2].
Epikürün bir çox öyrənciləri olmuşdur. Onlardan biri Lampsakuslu Metrodorus (yun. Μητροδωρος, m. ö. 331 – 278) idi. O, bir sıra zamanımıza çatmayan kitabların yazarı olmuşdur. Sisero yazırdı ki, Metrodor öz fəlsəfəsində cismani hissiyyatlara böyük önəm verirdi[3].
Epikürün daha bir öyrəncisi Militenalı Hermarxus (yun. Ἕρμαρχoς, m. ö. 325 – 250) olmuşdur. O, müəlliminin ölümündən sonra onun məktəbinə başçılıq etmiş və onun fikirlərini yaymışdır. Eyni zamanda, Hermarxus Aristotel və Platonun ardıcılları ilə də fəlsəfi polemikalar aparmışdır. Ancaq, onun da əsərləri zamanımıza gəlib çatmamışdır.[4]
Epikürün təlimi m. ö. II yüzillikdən başlayaraq Roma imperiyasında yayılmışdır. Roma epikürçülüyünün ən görkəmli nümayəndələrindən biri Qadaralı Filodemus (yun. Φιλόδημος, m. ö. 110 – 40) idi. O, Afina epikürçü məktəbinin başçısı Sidonlu Zenonun öyrəncisi idi. M. ö. 80-ci ildə Filodemus İtaliyaya gedərək orada Neapol şəhərinin yaxınlığında yerləşən Herkulanumda epikürçü məktəbinin əsasını qoymuş və ona rəhbərlik etmişdir. İkiyüz ildən sonra Vezuvium vulkanının püskürməsi sonu Herkulanum Pompeya ilə birlikdə məhv olmuşdur.
Bizim zamanımızda aparılan arxeoloji qazıntılar nəticəsində orada Filodemusun bəzi əsərləri tapılmışdır. Onların arasında “İnduksiya haqqında” adlı bir kitab da var idi. Orada Filodemus stoaçıların bəzi fikirlərini təhlil etmişdir. Belə ki, stoaçılara görə induksiya yolu ilə gəlinən nəticə apriori dəlillərin əsasında çıxarıldığı zaman həqiqi olur[5]. Filodemus isə burada ön plana görünən (zahirin) və görünməyənin (batinin) müqayisəsinə arxalanan analogiyanı önə çəkirdi. Məsələn, induktiv metodla belə qərara gəlmək olar ki, bəzi cisimlərin hərəkət etməsi üçün müəyyən şərtlər olmalıdır. Belədirsə, onda ümumiyyətlə bütün digər cisimlərin hərəkətinin də həmin şərtlərlə baş verdiyini iddia etmək mümkündür. Burada Filodemus hərəkətin mövcud olmasının zəruri şərti kimi boşluqların olmasını sübuta yetirirdi. Deməli, onun fikrincə hər bir nəticənin əsasında analogiyaya arxalanan düşüncə metodu durur. Əgər induksiyanın istinad etdiyi faktları və müşahidələri təkzib edən bir dəlil yoxdursa, deməli yürüdülən əqli nəticə düzgündür.[5]
Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 – 55) olmuşdur. “Hər şeyin təbiəti haqqında” (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir[6]. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır. Mövhumatların əsasını isə din təşkil edir, insanları bədbəxtliklərə sürükləyir. Ona görə də, Lukretius dini tamamilə inkar edirdi.