Farer adaları
Farer Adaları (far. Føroyar) — Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupu. Danimarka Krallığının tərkibinə daxildir, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır.
== Coğrafi göstəriciləri ==
Farer Adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn (əhalisi 2005-ci ilin məlumatına görə 19,2 min nəfər) şəhəridir.Farer Adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik (4773 nəfər) şəhəridir.
Farer Adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 kv.km, bütün adaların ümumi sahəsi isə 1395,74 kv.km.-dir.
Farer Adalarından İslandiyaya qədər məsafə - 450 km, Norveçə qədər - 675 km, Kopenhagenə qədər - 1117 km.-dir. Farer Adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.