Santa-Mariya-del-Fiore kafedralının fasadı
Santa-Mariya-del-Fiore kafedralının fasadı (it. Facciata di Santa Maria del Fiore) — Florensiya kafedralının inşaatı tarixində ən mübahisəli məsələlərdən biridir. İnşasına Arnolfo Di Kambio tərəfindən başlamış fasad, XV əsrə kimi müxtəlif heykəltəraşlar tərəfindən hazırlanmış heykəllər tərəfindən bəzədilsə də, 1587-ci ildə həmin fasad sökülmüşdür. Bundan sonra dəfələrlə müxtəlif memarlar tərəfindən layihələr təqdim edilməsi və müsabiqələr təşkil olunmasına baxmayaraq, XIX əsrə kimi Florensiya kafedralının fasadı inşa edilməmişdir. XIX əsrdə Santa-Mariya-del-Fiore kafedralını fasadı Emilio de Fabrisin layihəsi əsasında inşa edilmişdir. Abidənin fasadının sökülməsi və yeni fasadın inşası ilə bağlı elmi mübahisələr davam etsə də, hazırkı fasad İtaliyada neoqotika memarlığının ən yaxşı nümunələrindən biri hesab edilir.
== Arnolfonun fasadı ==
=== Tarixi ===
Arnolfonun fasad üzərində nə vaxtdan işləməyə başlaması haqqında sənədlər olmasa da, arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, fasadın inşasına daha erkən dövrdə - XIII əsrdə başlanılmışdır. Bu ilkin fasad qədim Santa-Reparta kilsəsində ibadətin davam etdirilməsi üçün binanı yararlı hala gətirmək məqsədi ilə inşa edilmişdi.
Arnolfinin fasad layihəsinin tikilinin bütün fasadını əhatə etməsi haqqında dövrümüzə heç bir çetyoj və ya sənəd çatmasa da, onun işini dava etdirən memarlar fasad inşası işini portaldan on metr yuxarı qaldıra bilmişdir. Florensiya bələdiyyəsinin Arnolfonu vergi ödənişlərindən azad etməsi onun fasad üzərində əhəmiyyətli dərəcədə işləməsini göstərən faktlardan biridir: belə ki, böyük sənətkarların yaşayıb fəaliyyət göstərdiyi dövrdə hökumət heç də hər adama bu cür imkan yaratmırdı.