Fıstıq
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.
== Fıstıq meşələri ==
Azərbaycanda ən geniş yayılanı fıstıq meşələri olub respublikanın ümumi meşə fondunun 32 faizə qədərdir. Kiçik Qafqazın cənub yamacı rayonlarında (Laçın, Qubadlı, Zəngilan) və Naxçıvan MR-dən başqa fıstıq respublikanın bütün dağ rayonlarında bitir. Kiçik Qafqazın cənub rayonlarında fıstığın yayılmasına quru kontinental iqlim şəraiti maneçilik törədir. Kiçik Qafqaz dağlarında fıstığın şərq sərhədi Dağlıq Qarabağda Hadrud və Xocavənd rayonları arasında Kirs dağının şimal hissəsində müşahidə olundu.
Böyük Qafqazın şimal-şərq makroyamacında fıstığın şərq sərhədi Ataçay və Tığçay hövzəsindədir.
Böyük Qafqazın cənub yamacında meşə bitkisinin, o cümlədən fıstığın şərq sərhədi şimal makroyamaca nisbətən qərbdən keçir. Fıstığın şərq sərhədinin belə qısalması fikrimizcə cənub makroyamacında iqlimin xeyli quraq olmasıdır, burada insanın təsərrüfat fəaliyyəti də mühüm rol oynamışdır.
Respublikamızın dağlarında müxtəlifotlu, topallı, ölü örtüklü, çətiryarpaqlı, qaraçöhrəli, subalp, dəfnəgilaslı fıstıq meşə tipləri yayılmışdır.