Goranboy rayonu
Goranboy rayonu — Azərbaycan Respublikasında İnzibati-ərazi vahidi. Goranboy rayonu Şimal-Qərbdən Samux, Qərbdən Göygöl, Cənub-Qərbdən Kəlbəcər, Cənub-Şərqdən Tərtər, Şərqdən Yevlax rayonları ilə həmsərhəddir. Rayonun şimalında "Mingəçevir su anbarı" yerləşir. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km-dir.
Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şətəl şəhər-qalası yerləşir.
Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha (o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.
"Goranboy" sözünü alimlər müxtəlif cür izah edirlər. Həqiqətə yaxın olan isə "Goranboy" sözünün Strabonun 17 kitabdan ibarət "Coğrafiya" əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan "gel", "ger" tayfasının adı ilə bağlanmışdır.