Hümeyir Əhmədov
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri.
== Həyatı ==
Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
== Fəaliyyəti ==
1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xabarovsk-Vladivostok diyarlarında yerləşən hərbi hissələrdə yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat, fizika və əmək müəllimi kimi davam etdirmişdir.
1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir.
1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır.