Həmişəyaşıl şümşad
Həmişəyaşıl şümşad (lat. Buxus sempervirens) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qərbi Əlcəzairdə, Şimali və Şərqi İspaniyada, Cənubi və Mərkəzi Fransada, İsveçrədə və Kiçik Asiyada təbii halda yayılmışdır.
== Botaniki təsviri ==
6–10 m hündürlüyə çatan ağac və ya koldur. Qabığı bozumtul-sarı, hamar, yaşlı gövdələrdə isə xırda çatlıdır. Yarpaqların hər iki tərəfi tükcüklü, 1,5-3 sm uzunluğunda, 0,5-1,0 sm enində olub, uzunsov yumurtavari, ellipsvari, rombvari və ya dəyirmi formalıdır. Üst tərəfdən tünd-yaşıl, parlaq, altdan çox açıq rəngli və qısa saplaqlıdır. Mart ayında çiçəkləyir. Çiçəkləri qoltuq çiçək qrupunda yerləşmişdir. Dişicik çiçək qrupunda təkdir, bəzi hallarda inkişaf etmir.