Milad Beigi Harçeqani
Milad Beygi və ya tam adı ilə Milad Beygi Hərçigani (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub.
O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.
Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib.
Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub. Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur. Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.