Honkonq Çin Universiteti
Honkonq Çin Universiteti (çin. 香港中文大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Ma-şuy Lyu, Şa Tin rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
== Tarixi ==
1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honkonq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Honkonq Çin Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Honkonq Çin Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.