Helena Kantakuzin (imperatriça)
Helena Kantakuzin (yun. Ἑλένη Καντακουζηνή; 1333, Bizans imperiyası – 10 dekabr 1396, Konstantinopol) — Bizans imperatoru VI İohannın qızı, Bizans imperatriçası.
== Həyatı ==
1333-cü ildə Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi. Atası dövrün Bizans imperatoru III Andronikin ən yaxın adamı İohann Kantakuzin, anası isə Bulqar çarı III İvan Asenin qızı İrina Asen idi. Digər bacı-qardaşları kimi Helena üçün də siyasi bir evlilik planlaşdırıldı. Bacısı Feodora Osmanlı sultanı Orxan Qaziylə, digər bacısı Mariya isə Epir çarı II Nikefor Orsini ilə evləndirildi. Qardaşı Matvey II Andronikin nəvəsi İrinayla, digər qardaşı Manuel isə Erməni-Kilikiya çarı II Konstantinin qızı İzabellayla evləndirildi.
Atasının taxt mübarizəsində qalib gəlməsi və V İohannın anası Savoyyalı Annayla sülh bağlaması nəticəsində, Helena imperator V İohannla evləndirildi. 28 may 1347-ci ildə baş tutan mərasimlə imperatriça elan olundu. 1353-cü ildə atasının taxtdan uzaqlaşdırılaraq kilsəyə həbs olunduğu və 1376-cı ildə oğlu Andronikin üsyan edərək ərini taxtdan endirdiyi dövrlərdə tərəfləri uzlaşdıran vasitəçi oldu.